Dünya

Koronavirusla mübarizənin karantinsiz “İsveç modeli”: müsbət və mənfi cəhətlər

Koronavirusla mübarizənin “İsveç modeli” bütün dünyada böyük müzakirələrə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzetində dərc olunan məqalədə vurğulanıb.

Yazıda qeyd olunub ki, dünyanın əksər ölkəsi ən pis ssenariyə hazırlaşaraq karantin rejimini tətbiq etdiyi dövrdə Avropanın bir ölkəsində pandemiya ilə mübarizədə başqa yolu seçiblər: “Belə ki, İsveç hökuməti koronavirus epidemiyasının səngiməsi üçün heç bir sərt karantin tədbirlərinin görülməməsinə qərar verib. Burada, sosial məsafənin qorunması şərtilə, restoranlar, hətta gecə klublarının fəaliyyəti davam edir. 16 yaşdan aşağı uşaqların oxuduğu təhsil ocaqları da açıqdır. Ölkə rəhbərliyi insanlara 50 nəfərədək qrup şəklində toplanmağa icazə verir. Bu görüntü Avropanın digər ölkələrində görülən karantin tədbirlərinə tamamilə ziddir.

İsveçdəki bu yumşaq tədbirlər dünyanın müxtəlif ölkələrindəki skeptiklərin (hər şeyə şübhə ilə yanaşanlar) diqqətini cəlb edib. Məqalənin müəllifi İşan Tarurun fikrincə, həmin skeptiklər “İsveç modeli”ni pandemiya ilə mübarizədə Qərb demokratiyası üçün nümunə sayırlar. İ.Tarura görə, koronavirusla mübarizənin “İsveç modeli” iqtisadiyyatın itki verməsinə yol açan karantin əngəllərindən narazı qalan amerikalı mühafizəkarlar arasında ən çox müzakirə olunan mövzuya çevrilib. Hətta mühafizəkarların əleyhdarları arasında da “İsveç modeli” karantinin ən bariz alternativi halına gəlib. “The New York Times”ın kolumnisti Tomas Fridman ötən həftəsonu ABŞ prezidenti Donald Trampın iqtisadiyyatı yenidən canlandırmaq üçün İsveç nümunəsinə uyğun davranacağını ehtimal etdiyini yazıb.

Bununla belə, isveçli məmurlar bu yanaşmanı heç də təbliğ və bütün dünya üçün model olaraq təqdim etmirlər.

“Bu marafondur və bunun sonuna hələ çox var”, – müsahibələrin birində İsveçin ABŞ-dakı səfiri Karin Ulrika Olofsdotter söyləyib.

O, İsveçdə koronavirusla mübarizə ətrafında yaranmış bir sıra təsəvvürlərin yanlış olduğunu açıqlayıb: “Bəzi nəşrlər İsveçi hər kəsin gəzib əyləndiyi ölkə olaraq təqdim edirlər. Ancaq bu, doğru deyil”.

Bununla belə, Skandinaviya ölkəsi koronavirusdan heç də qaça bilməyib. Mayın 11-nə olan məlumata görə, İsveçdə indiyədək 26 min nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 3 256 nəfər dünyasını dəyişib. Ölənlərin əksəriyyətinin yaşı 70-dən yuxarıdır. Ölkədə özəlliklə qocalar evində itkilərin çox olduğu bildirilib. İsveç hər milyon vətəndaşa düşən yoluxma sayına görə ABŞ-ı belə qabaqlayır. Pandemiya qurbanlarının sayı isə sərt karantin rejiminin tətbiq edildiyi digər Şimali Avropa ölkələri ilə müqayisədə önəmli dərəcədə çoxdur.

Karin Ulrika Olofsdotter

“Bizim başlıca yanlışımız yaşlı nəslə qarşı diqqətsizliyimiz olub”, – səfir vurğulayıb.

Bununla belə, İsveç bu sahədə müəyyən uğurlara da nail olub. Ölkənin baş epidemioloqu Anders Teqnell mayın 8-də keçirdiyi mətbuat konfransında deyib:

“Ölkə yüksək sayıqlıq göstərib. Bununla da yoluxma halları hələ ilkin mərhələdə qeydə alınmağa başlayıb. Bu, virusun ötürülməsinə nəzarət etməyə yol açıb”.

Epidemioloq deyib ki, İsveçdən cənubda olan ölkələrin ciddi zərər çəkməsi onların epidemiyanın yavaş yayılması mərhələsini qaçırmaları və koronavirus testlərinin keçirilməsinin gecikməsi ilə bağlıdır.

A.Teqnell həmçinin paytaxt Stokholmda yoluxma hallarının tədricən azaldığını vurğulayıb. O, bunu əhalidə yaranmış “müəyyən immunitet səviyyəsi” ilə izah edib.

Məqalə müəllifinin fikrincə, bu gerçəkdən də mümkündür. Belə ki, İsveçin Səhiyyə Agentliyinin məlumatına görə, paytaxt əhalisinin üçdə biri artıq virusla təmasda olub. Bu isə “kollektiv immunitet”in yaranmasına doğru irəliləyiş deməkdir.

“The Washington Post”un müxbiri İ.Tarurun fikrincə, “kollektiv immunitet” İsveçi koronavirusun ikinci dalğasına qarşı daha dayanıqlıq edə bilər.

Müəllif “kollektiv immunitet”in epidemoloqlar arasında mübahisə predmetinə çevrildiyini yazıb. Onların bəzilərinin fikrincə, “kollektiv immunitet”in formalaşması əhalinin üçdə birinin koronavirusdan keçməsi və onlarda bu virusa qarşı antikorun əmələ gəlməsi deməkdir. Bu, hökumətə əhalinin yaşlı nəslini və risk qrupuna daxil olan digər nümayəndələrini faktiki olaraq “hesabdan silmək” hüququnu verir. Digərlərinin fikrincə isə, vaksinin mövcud olmadığı halda sərt karantin rejimini tətbiq etmək ən qorxunc hadisələri sadəcə ertələməkdir.

Səfir K.U.Olofsdotterə görə, İsveçin strategiyasınada “kollektiv immunitet”in formalaşması yoxdur. Bu, daha çox həm insanları xilas etmək, həm də İsveç səhiyyə sistemini ayaqda tutmağa hesablanıb. Onun sözlərinə görə, məktəblərin bağlanılmaması qərarı birbaşa səhiyyə sisteminə dəstək üçün verilib. Əks halda çox sayda səhiyyə işçisi uşaqlarının qayğısına qalmaq üçün evindən çıxmayacaqdı.

Məqalə müəllifinin fikrincə, “İsveç modeli”nin başlıca fərqi hökumətin dövlət orqanlarının tövsiyələrinə riayət edən insanları məcburi qaydada sosial məsafə qaydalarını təqlin etməməsindədir. Belə ki, keçirilən sorğunun sonuclarına görə, isveçlilər ölkənin dövlət qurumlarına yüksək etimad göstərirlər.

Səfirin sözlərinə görə, bu etimad “İsveç cəmiyyətinin fundamental elementidir”.

“Məhz buna görə biz tövsiyələrlə işləyə bilirik, çünki insanların çoxu buna gerçəkdən də əməl edir. Bu bizə xas özəllikdir. Sözsüz, buna riayət etməyən insanlar da var, ancaq əhalinin əksəriyyəti qaydaları gözləyir”, – K.U.Olofsdotter vurğulayıb.

Stokholm rəhbərliyi sosial məsafə tədbirlərini görməyən bir neçə restoranı bağlayıb. Pandemiyanın təsirlərinə baxmayaraq, restoranlar fəaliyyətini davam etdirir. Bir çox ölkədə olduğu kimi isveçlilər evdən işləyir, ictimai yerlərə getməkdən qaçırlar.

“Bütün turizm sektoru və mehmanxana biznesi ağır duruma düşüb”, – səfir qeyd edib.

Gerçəkdən də, İsveçin seçdiyi strategiyanın əsasında heç də iqtisadi imperativlər yatmır. İsveç iqtisadiyyatı ciddi şəkildə beynəlxalq tədarük şəbəkəsindən asılıdır. Bir sıra proqnozlara görə, ölkənin ÜDM-i təqribən ABŞ və Almaniyadakı kimi 6-7% azalacaq. Yaya doğru işsizlik səviyyəsi 10%-dək yüksələ bilər. Bu, skandinav ölkə üçün yetərincə yüksək göstəricidir.

Bununla belə, İsveçin yaxşı inkişaf etmiş sosial sistemi var. Misal üçün, hökumət simptomları olan şəxslərin evdə qalması üçün xəstəliklə bağlı müavinətlərin verilməsini sürətləndirib.

“Xəstə insanların evdə qalması çox vacib məqamdır. Həmin insanlar istənilən halda işə getməməlidirlər”, – K.U.Olofsdotter bildirib.

Səfir qeyd edib ki, İsveç yoluxma hallarının artdığı halda istənilən vaxt pandemiya ilə mübarizə kursunu dəyişə bilər:

“Bu virus aramızda hələ çox qalacaq, bu üzdən öz həyatımızı hər hansısa formada qaydasına salmalıyıq. Bizim strategiyamızın məqsədi digər ölkələrdəki ilə eynidir, sadəcə, biz fərqli tərzdə hərəkət edirik”.

Bənzər yazılar

Back to top button