Siyasət

Yüksək vəzifəyə təyin olunan deputatlar (SİYAHI)

Azərbaycanda Milli Məclisin deputatlarının yüksək vəzifəyə təyin olunması təcrübəsindən dəfələrlə istifadə olunub. Xüsusilə də, son onillikdə bu cür təyinatlara daha tez-tez rast gəlinir. Bu cür təyinatlar içərisində icra başçısından tutmuş nazir postuna qədər idarəetmənin müxtəlif səviyyələrində məsul vəzifələrə gətirilən millət vəkillərinə rast gəlmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.

AzToday.az Bizim.Media-ya istinadən yüksək vəzifələrə təyin olunan deputatların adın təqdim edir:

Şahin Seyidzadə

2022-ci il martında 3-də Prezident İlham Əliyevin sərəncamıyla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub. Parlamentin 6-cı çağırış deputatı martın 17-də deputat mandatından məhrum edilib.

Muxtar Babayev

Nazir vəzifəsinə təyin olunana qədər Milli Məclisin IV və V çağırış deputatı olub. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziridir. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Rövnəq Abullayev

2005-ci ilin noyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti təyin edilmişdi. Milli Məclisin III, IV və V çağırış deputatı olub. Hal-hazırda iqtisadiyyat nazirinin müavinidir.

Vüsal Hüseynov

2018-ci il aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.Təyin olunana qədər Milli Məclisin V çağırış deputatı olub.

Fuad Muradov

2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. Buna qədər Milli Məclisin IV və V çağırış deputatı olub.

Cavid Qurbanov

9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. Milli Məclisin III, IV və V çağırış deputatı olub. Hal-hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsini icra edir.

Rüstəm Xəlilov

Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin edilib. İcra hakimi təyin olunana qədər Milli Məclisin III, IV və V çağırış deputatı olub.

Mübariz Qurbanlı

Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. O, 1995-2014-cü illərdə Milli Məclisinin I, II, III, IV çağırış deputatı olub.

Rövşən Rzayev

Prezident İlham Əliyevin 2018-ci ilin 21 aprel tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Komitəyə sədr təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) çağırış deputatı olub.

Elşad Həsənov

Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu vəzifəyə təyin olunan qədər Milli Məclisin V çağırış deputatı olub.

Zahid Oruc

Prezident İlham Əliyevin 2 fevral 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Milli Məclisin II, III, IV, V, VI çağırışının deputatı olub. Siyahıdakı şəxslər içərisində deputat fəaliyyətini davam etdirən yeganə şəxsdir.

Əli Əhmədov

2013-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Milli Məclisin II, III və IV çağırış deputatı olub.

Valeh Ələsgərov

Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub. Milli Məclisin III, IV, V çağırış deputatı olub.

Bənzər yazılar

Back to top button