İdman

“Neftçi”də gizli görüş: Emin Mahmudovla bağlı göstəriş verildi

Ötən mövsüm uğursuzluğa düçar olan “Neftçi”dəki vəziyyətin necə olacağı futbol ictimaiyyətində böyük maraq doğurur. Bir müddət idi ki, “ağ-qaralar”ın Müşahidə Şurasının iclasının keçiriləcəyi və klubun gələcəyi ilə bağlı vacib qərarların veriləcəyi gözlənilirdi.

Hətta həmin toplantının ötən həftə baş tutacağı ilə bağlı informasiyalar da yayılmışdı. Ancaq şura sədri Rövşən Nəcəfin rəhbəri olduğu SOCAR-dakı işləri və səfərləri həmin iclasın təxirə düşməsinə səbəb oldu. Bu da azarkeşlər tərəfindən narazılıqla qarşılandı. Çünki “Neftçi”nin durumu qaranlıq olaraq qalırdı.

Aut.az-ın əldə etdiyi məlumata görə, Müşahidə Şurasının iclası baş tutmasa da, klub daxilində gizli görüş keçirilib. Prezident Kamran Quliyev Rövşən Nəcəflə bir araya gəlib və ona hesabat verib. Uzun müzakirələrdən sonra bir sıra məqamlara aydınlıq gətirilib.

Onlardan biri də komandanın kapitanı Emin Mahmudovla bağlı olub. 31 yaşlı yarımmüdafiəçi ilə aparılan danışıqların hansı vəziyyətdə olduğunu öyrənən şura sədri bir neçə tapşırıq verib. O, Quliyevdən Eminin tələb etdiyi şərtlərin yerinə yetirilməsini istəyib. Rövşən Nəcəf kapitanın “Neftçi” üçün önəmli fiqur olduğunu xatırladaraq, yeni komandanın onun ətrafında qurulmalı olduğunu söyləyib.

Hazırda milli komandanın düşərgəsində olan Mahmudova yaxın günlərdə yeni təklif göndəriləcək. Ancaq maraq doğuran məqam odur ki, 31 yaşlı oyunçu “Neftçi” ilə pul davası edənə oxşamır. Sanki onun fikri başqa yerdə və ya təklifdədir.

Bizdə olan məlumata görə, “Qarabağ” baş məşqçi Qurban Qurbanovun istəyi ilə Eminlə birbaşa təmas yaradılıb. Eyni zamanda, ona ölkə xaricindən çox yüksək ödənişli təkliflər gəlib. Emin hansı varianta üstünlük verəcək? Məlum olan odur ki, o, qərarını millinin oyunlarından sonra verəcək.

Bənzər yazılar

Back to top button