İqtisadiyyat

2 ay əvvəl yaranan şirkət AMEA-ya təcrübə qurğuları satıb – Təfərrüat

2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Bosfor LM” MMC (VÖEN-703281341) 2 nömrəli Bakı Baza Tibb Kollecinə dəftərxana və təsərrüfat malları satacaq və bu mallar üçün 15 min 769 manat 69 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Bosfor LM” MMC son bir ayda “Azərbaycan Dəmir Yolları” QSC-yə 30 min 705 manat dəyərində yumşaq inventar və xüsusi geyimlər, AMEA-ya 32 min manat dərman bitkilərinin, efir yağlarının təcrübə istehsalı üçün qurğular, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə isə 53 min 537 manat 50 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.

Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, son bir ayda 132 min manatlıq 4 tenderin qalibi olan şirkət cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan “Bosfor LM” MMC 13 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” yerləşən şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin qanuni təmsilçisi Kərimov Bəxtiyar Əvəz oğludur.

Qeyd edək ki, aprel ayında “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Kərimov Bəxtiyar Əvəz oğlunun qanuni təmsilçi olduğu “Yufon-Ko”, “Ural As Servıs”, “Tean LM” və “Qurman TV Servs” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin AMEA-ya təcrübə qurğuları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Bənzər yazılar

Back to top button