Dünya

Blinken Ukraynada müharibə haqda: “Hər gün hərbi cinayətlərin sayı artır”

ABŞ Rusiyanın Ukraynadakı vəhşiliklərini bir daha pisləyib, hərbi cinayətlərin beynəlxalq araşdırılmasını dəstəkləməyi vəd edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Hərbi cinayətlərin sayı hər gün artır. Təcavüz. İşgəncələr. Məhkəmədənkənar edamlar. Yoxolmalar. Məcburi deportasiya. Məktəblərə, xəstəxanalara, uşaq bağçalarına, çoxmənzilli evlərə, taxıl anbarlarına, su və qaz təchizatı obyektlərinə hücumlar”, – dövlət katibi Entoni Blinken Haaqada Ukrayna üzrə konfransdan öncə öz bəyanatında bildirib.

40-dan çox ölkə, eləcə də ABŞ, Böyük Britaniya, Kanada, Meksika, Avstraliya və Avropa İttifaqının üzvü olan dövlətlər Rusiyanın Vinnitsaya çoxsaylı dinc qurbanla nəticələnə raket zərbəsindən sonra Ukraynada hərbi cinayətlərin istintaqını koordinasiya etmək barədə razılığa gəliblər.

Çərşənbə günü ATƏT-in Daimi Şurasının iclasında açıqlanan hesabatda ekspertlər “Rusiya Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğunu” qeyd ediblər.

Əvvəlki hesabatda olduğu kimi, cari hesabatda da dinc sakinlərə birbaşa hücumlara, tibb müəssisələrinə hücumlara, zorlamalar, işgəncələr, edam, qarət və mülki şəxslərin Rusiyanın nəzarətində olan hissələrə zorla köçürülməsi və Rusiyaya zorla deportasiyaya dair sübutlar sənədləşdirilib.

Daha sonra “filtrasiya mərkəzləri”nin yaradılması, əsirlərin Donbas və Luqanskda marionet rejimlərə verilməsindən və orada ölüm hökmlərinin çıxarılmasından danışılır.

Bu, hazırda Rusiyanın insan hüquqlarının pozması, beynəlxalq humanitar hüququ pozması, o cümlədən potensial hərbi cinayətləri haqda ən dolğun hesabatdır, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

ABŞ və onun tərəfdaşları “Ukraynada törətdikləri hərbi cinayətlər də daxil olmaqla, insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulmasına görə cavabdeh olanları məsuliyyətə cəlb etməyə çalışacaq”.

Bənzər yazılar

Back to top button