Siyasət

AŞ Baş Katibi Ermənistana nümayəndə göndərib, Azərbaycana da nümayəndə göndərməyi planlaşdırır

Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç-Buriç (Marija PEJČINOVIĆ BURIĆ) Qarabağdan köçürülən insanların ehtiyaclarını öyrənmək üçün Ermənistana qaçqınların işləri üzrə xüsusi nümayəndəsini göndərib. Bu barədə Buriç dünən Strasburqda AŞPA sessiyasında deputatların suallarına cavabda bildirib, xəbəri Strasburqdan Turan-ın xüsusi müxbiri verib.

“Xüsusi nümayəndəm artıq Ermənistan hakimiyyətinin razılığı ilə Ermənistana gedir və o, bu şəxslərin ehtiyaclarının siyahısını tərtib edəcək, çünki onların sayı 100 000-dən çoxdur. Təəssüf ki, onların demək olar hamısı Qarabağdan gedib və biz mütləq qeyd edilən şəxslərə yardım proqramı tərtib edəcəyik”, deyə o bildirib.

Bu zaman o qeyd edib ki, “bu insanların nə vaxt və necə evlərinə qayıdacaqları daha mühüm məsələdir”.

Buriç Baş Katibliyin Azərbaycan hakimiyyətinin yaranmış vəziyyətlə bağlı mövqeyini “başa düşmək” və “qiymətləndirmək” üçün tezliklə bu ölkəyə də missiya göndərə biləcəyinə ümid etdiyini bildirib.

AŞ Baş Katibi Azərbaycanı Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına tam riayət etməyə çağırıb. O, Qarabağı tərk edən erməni əhalinin “tezliklə təhlükəsiz şəkildə evlərinə qayıda biləcəyinə” ümid etdiyini deyib.

Bənzər yazılar

Back to top button