İdman

“Azarkeşlərimizin narahatlığına ehtiyac yoxdur” – Qurban Qurbanov

“Çox ciddi bir rəqibə qarşı oynayacağıq. İstəkli komandadır. Bu komanda öz oyun intizamı ilə digərlərindən çox fərqlənir”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakov”la səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Polşa klubunun onlara tanış rəqib olduğunu xatırladan mütəxəssis indi bu komandanın daha yaxşı formada olduğunu bildirib: “Biz bu komandaya qarşı yoxlama oyununda oynasaq da, indi onlarda xeyli dəyişiklik var. Daha intizamlı və keyfiyyətli komanda olublar. Rəqibi daha yaxşı tanımaq üçün sabah bizim vaxtımız olacaq. Hər bir halda oyuna çox ciddi yanaşırıq. Yaxşı oyun və nəticə göstərmək istəyirik. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla ən azından azarkeşlərimizi sevindirə biləcəyik”.

Q.Qurbanov bundan əvvəlki avrokubok oyunlarında Polşa təmsilçilərinə qalib gəlmələrinə baxmayaraq, bu rəqibə qarşı oyun ərəfəsində azarkeşlərin narahatlığı ilə bağlı isə bunları bildirib: “Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı Azərbaycan və Polşa mediasında xeyli açıqlamalar oldu. Amma mən qətiyyən bu barədə düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, buna da elə yanaşırıq. Əvvəlki nəticələri düşünmürük. Bu gün istənilən rəqibə qarşı eyni formada ciddi hazırlaşırıq. Əvvəlki oyunlar haqda düşünmək bizim ziyanımıza olar. Azərkeşlərimizə də demək istəyirəm ki, narahatlığa ehtiyac yoxdur. Yəqin rəqibin daha ciddi olduğu üçün azarkeşlərimizdə narahatlıq var. Bu da tam doğrudur. Biz sadəcə meydanda sona qədər diqqətli olmalıyıq”.

Təcrübəli mütəxəssisin sözlərinə görə, “Rakuv”un Polşa çempionatında “Korona”ya qarşı matçının təxirə salınması rəqibin “Qarabağ”la oyuna ciddi yanaşdığını göstərir: “Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, “Rakuv”un müraciətinə müsbət cavab verib”.

Baş məşqçi yeni transfer Juninyonun “Rakuv”la ilk matçda meydana çıxma ehtimalının az olduğunu vurğulayıb: “Komanda ilə yüngül məşqlərə başlasa da, tam hazır deyil. Bu cür görüşlərdə oynaması riskli ola bilər. Amma yenə də həkimlərlə məsləhətləşəcəyik”.

Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdırıb: “Hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz. Sadəcə, həmin qarşılaşmada “Rakuv”un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. “Rakuv” bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq”.

Bənzər yazılar

Back to top button