Cəmiyyət

Ekspert:”Koronavirusun yeni dalğasından qorunmaq üçün gigiyenik qaydalara əməl olunmalıdır”

Ötən aylarla müqayisədə son vaxtlar Azərbaycanda COVİD-19 virusuna yoluxmada artım müşahidə edilir, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlar gigiyena qaydalarına və sosial məsafəyə riayət etməlidirlər. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.

Onun fikrincə, son vaxtlar yoluxma sayında müşahidə olunan artım Ümumdünya Səhiyyə Təşkilatını koronavirus pandemiyasının davam etməsi və virusun yeni mutasiyalarının aşkarlanması barədə açıqlama verməyə məcbur edib.

Quliyev hazırda ABŞ, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrdə kəskin artımın müşahidə olunduğunu, bəzi Avropa ölkələrində “omikron”un yeni alt növünün müəyyən edilidiyini diqqətə çatdırıb.

Mütəxəssisin fikrincə, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır.

“Omikron” variantına yoluxma boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVID-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur. Koronavirusun “delta” və “omikron” ştamlarının müqayisəsi onu göstərir ki, “delta”da ölüm nisbəti daha yüksəkdir”, – Quliyev bildirib.

O deyib ki, koronavirusun yeni dalğasından qorunmaq üçün gigiyenik qaydalara əməl olunmalıdır.

Zakir Quliyevin fikrincə, ciddi zərurət yaranmadığı halda adamlar kütləvi toplaşdığı məkanlardan çəkinməli, qapalı məkanlarda, ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə olunmalıdır.(Turan)

Bənzər yazılar

Back to top button