Hadisə

Saxlanıldığı deyilən gömrük generalı kimdir? – Nehrəmdə doğulub, MTN-də işləyib… – Dosye

Xəbər verdiyimiz kimi, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlunun hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanıldığı iddia edilib. Bu barədə bəzi yerli mətbuat orqanlarında və sosial şəbəkələrdə məlumat yayılıb.

Yeniavaz.com dünəndən barəsində məlumat yayılan general-mayor Məsum Rəsulovun dosyesini təqdim edir:

Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1990-cı ildə orta məktəbi bitirib və 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 1996-cı ildə ordu sıralarından tərxis olunub.

1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə oranı hüquqşünas ixtisası üzrə bitirib.

26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.

9 sentyabr 2006-cı ildə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.

29 may 2018-ci il tarixindən Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsinin rəisi vəzifəsində çalışıb.
Ölkə başçısının 29 yanvar 2019-cu il tarixli sərəncamı ilə Rəsulov Məsum Eynalı oğluna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin general-mayoru ali xüsusi rütbəsi verilib.

Məsum Rəsulov son vaxtlar isə Gömrük Komitəsində Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyirdi.

Azərbaycan Prezidentinin 26 yanvar 2010-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı ilə və Azərbaycan Prezidentinin 29.01.2018-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir. Dörd övladı var.

Bənzər yazılar

Back to top button