Hadisə

AMEA-da nə baş verir? – Doktorluq qalmaqalı, ağır ittihamlar

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin müdiri Ələddin Məlikov saxtakarlıqda ittiham edilib.

Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, Ələddin Məlikovun doktorluq elmi dərəcəsi olmadığı halda özünü fəlsəfə elmləri doktoru kimi təqdim edir.

AMEA-dakı mənbənin sözlərinə görə, Ələddin Məlikov qurumun rəsmi-internet səhifəsində də elmlər doktoru kimi təqdim olunur. Bundan başqa, şöbə müdirinin elmlər doktoru olması rəsmi sənədlərdə də əksini tapıb.

Mənbə iddia edir ki, Ələddin Məlikov elmlər doktoru olmadığı halda, rəsmi sənədləri bu adla imzalaması həmin sənədlərin həqiqiliyini şübhə altına alır. “Ələddin Məlikov faktiki olaraq insanların iş həyatı ilə oynayır. Təsəvvür edin, onların sənədlərini elmlər doktoru kimi imzalayır, daha sonra AMEA-nın başqa məsul şəxslərinə imzalatdıraraq, qurumun möhürü ilə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasına təqdim edir”, deyə mənbə bildirir.

İddia olunur ki, Ələddin Məlikovun AMEA prezidentinin katibliyinin rəisi Eldar Əmirov tərəfindən himayə olunur. Bu baxımdan, onun əməlləri gözardı edilir.

Ələddin Məlikov isə Qaynarinfo-ya açıqlamasında iddiaların əsassız olduğunu bildirib. O bu məsələdə biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadəni ittiham edir:

“Bütün bunları Tubuxanım Qasımzadə edir. İşdən çıxarıldığı üçün şantaja, böhtana başlayıb. Zatən, işdən çıxanda bunu eləmişdi. Mən ona dedim ki, sizi işdən çıxaran mən deyiləm. Amma buna baxmayaraq, xəyalına nə gəlirsə, onu edir. Deyilənlərin hamısı şər və böhtandır”.

Ələddin Məlikov əlavə edib ki, əgər o, qanunsuzluq edibsə belə, buna ilk növbədə Tubuxanım Qasımzadə cavab verməlidir:

“Tubuxanım Qasımzadə doktorantura sektorunun müdiri olub. Bütün sənədlər ondan gəlib keçib. Əgər qanunsuzluq, saxtakarlıq varsa, buna ilk növbədə o, cavab verməlidir.

Doktorluq dərəcəmə gəldikdə, mən doktorluq işimi müdafiə etmişəm, sənədlərin də Ali Attestasiya Komissiyasındadır və heç bir problem də yoxdur”.

Qaynarinfo məsələ ilə bağlı Tubuxanım Qasımzadə ilə də əlaqə saxlayıb. O, əvvəlcə işdən çıxarılması məsələsinə aydınlıq gətirib: “Mən hələ ki, işdən çıxarılmamışam. 29 avqust 2022-ci il tarixə qədər rəsmən öz vəzifəmdəyəm. Ona görə də guya işdən çıxarıldığım üçün Ələddin Məlikovun haqqında böhtan xarakterli məlumatlar yaymağım barədə iddia əsassızdır”.

Bununla belə, AMEA-nın sektor müdiri də Ələddin Məlikovun doktorluq elmi dərəcəsini şübhə altına alıb: “Ələddin Məlikovun sənədlərinin Ali Attestasiya Komissiyasında olması onu məsuliyyətdən azad etmir. Söhbət ondan gedir ki, Ələddin Məlikov doktoluq elmi dərəcəsi olmadan onlarla rəsmi sənəd imzalayıb. Onun iddiasına baxmayaraq, hazırda da doktorluq dərəcəsi yoxdur. Elmlər doktoru kimi imzaladığı sənədlərin surətlərini də sizə təqdim edirəm. Bu sənədlər təsadüfən qarşıma çıxıb və dərhal münasibətimi bildirmişəm. AMEA rəhbərliyi qarşısında məsələ qaldırmışam. Bundan sonra Ələddin Məlikova özünü elmlər doktoru kimi təqdim etmək qadağan edilmişdi. Sonrakı sənədlərdə artıq o özünü belə təqdim etməyib”.

Tubuxanım Qasımzadənin sözlərinə görə, o, Ələddin Məlikovla bağlı məsələ qaldırandan sonra şöbə müdirinin hədəfinə gəlib: “Məndən qisas almaq üçün müqaviləni uzatmaqdan imtina edib. Həmçinin əleyhimə kampaniya başlatdı, kimlərəsə təzyiq edərək əleyhimə müraciətlər hazırlayaraq imzalatdırıb. Buna cavab olaraq isə AMEA-nın 31 institutu mənə dəstək verib. Onlar AMEA prezidentinin səlahiyyətlərini icra edən Arif Həşimova məni dəstəkləyən müraciət ünvanlayıb”.

Dosent əlavə edib ki, Ələddin Məlikov şantaj olunduğu barədə iddiaları sübuta yetirməsə məhkəməyə müraciət edəcək: “Ələddin Məlikov onsuz da Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə mühakimə olunmalıdır. Onu şantaj etdiyim barədə dediklərini sübuta yetirməsə, bu maddələrin sırasına biri də əlavə ediləcək. Yəni, mənə böhtan atdığı üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, 147-ci (böhtan) maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edəcəm”.

“Ələddin Məlikov deyir ki, guya İranda həm bakalavr, həm magistr təhsili alıb, həm də 2013-cü ildə fəlsəfə və elmlər doktorunu orda müdafiə edib. İndi 2022-ci ildir. Son iki il ərzində pandemiya olub. Necə olur ki, indiyədək diplomunu Azərbaycanda tanıtmayıb. Bu bir daha onun probleminin olduğunu təsdiq edir”, Tubuxanım Qasımzadə əlavə edib.

Bənzər yazılar

Back to top button