GündəmManşetSiyasət

İşxan Verdyan: Paşinyan Moskva tərəfindən idarə olunur, Qarabağda çox qan axa bilər (MÜSAHİBƏ)

2022-ci ilin yanvarından Yerevan və Ankara arasında danışıqlar aparılır. Bu yaxınlarda uğur əldə edildiyi elan olunub – tərəflər üçüncü dövlətlərin vətəndaşları üçün iki ölkə arasındakı sərhədləri açmaq qərarına gəliblər. Hələ ki, heç bir başqa ölkənin vətəndaşı Türkiyə-Ermənistan sərhədini keçməyib. 2021-ci ilin noyabrında Soçidə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında ilk sülh danışıqları aparılıb, amma uzun müddət keçməsinə baxmayaraq, tərəflər müəyyən addımlar atmağa hazır olduqları haqqında bəyanatlardan başqa, iki xalqa heç bir konkret nəticə təqdim etməyiblər.Niyə? Müvəqqəti olaraq İstanbulda yaşayan Ermənistanlı bloger və analitik İşxan Verdyan Turan-ın suallarını cavablandırıb.

***

– Ermənistanın daxili siyasi həyatında, ən yüksək eşelonunda nələr baş verir?

-Baş nazir Nikol Paşinyanın qərarları Ermənistanda anlaşılmazlıq doğurur, həm də hər növbəti addım əvvəlkindən daha çox təəccübləndirir. KİV iki hakimin (onlardan biri Cangiryandır) cinayət sövdələşməsini müzakirə etdiyi əks olunan videogörüntüləri yayımlamasaydı, Qaqik Cangiryanın Ədliyyə Şurasının sədri vəzifəsinə təyinatı diqqətdən kənarda qala bilərdi. Qalmaqaldan sonra Cangiryan özü yeni vəzifəni tərk etdi, qalmaqal olmasaydı indi hüquq sahəsinə rəhbərlik edəcəkdi. Məlumdur ki, o, Qarabağ klanının köklərində dururdu, Ermənistan cəmiyyətinin özüllərinin formalaşmasında böyük rol oynayıb ki, indiyədək onların kökünü kəsmək mümkün deyil.

General Edvard Asriyanın Ermənistan Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsi də Ermənistanda bir çox suallar doğurub, belə ki, Asriyan Paşinyana qarşı baş nazirin istefası tələbi ilə konstitusiyaya zidd müraciətin müəllifi kimi məşhurdur. Zabit belə bir müraciəti etmək hüququna malik deyildi, bütün siyasi dairələr bunu dövlətə xəyanət kimi qiymətləndiriblər. Lakin Asriyan Baş Qərargah rəisi oldu.

Çox səs-küy yaradan, açıq və sifarişli, həm də seçkili korrupsiya ilə əlaqəsi olan korrupsiya işləri məhkəməyə qədər gedib çatmadan bağlanır. Nikol Paşinyan bu cür işlərə qarşı şiddətli mübarizə aparmağı vəd etmişdi, amma açıq-aşkar sifarişli olan işlər məhkəmə təhqiqatı olmadan bağlanır.

Oliqarxlara yenə ölkənin təbii abidələrini şəxsi məqsədləri üçün özəlləşdirmək imkanı verilir.

Bu addımlar ölkəni yanlış istiqamətə sürükləyir. Belə bir təəssürat yaranır ki, Paşinyan ölkəni ondan əvvəl mövcud olan, qanunun heç bir əhəmiyyətə malik olmadığı, insanların və siyasi maraqların rol oynadığı relslərə qaytarır.

– Ermənistanda Bakı ilə konkret razılaşmaların olmamasına gətirib çıxaran siyasi vəziyyət necədir?

-Ermənistanda vəziyyət dəyişməyib. Ölkə Rusiyanın tam siyasi təsiri altındadır. Ermənistan iqtisadiyyatı tamamilə RF-yə istiqamətlənib. Xüsusən indi, Ukraynada müharibə getdiyi bir vaxtda Ukrayna taxılının ixracının blokadada olması səbəbindən dünyada qlobal ərzaq böhranı yaranır. Bu vəziyyətdə Rusiya yenə öz taxılının ixracına embarqo qoya bilər və ermənilər acından ölər. Ermənilərin çörək ala biləcəyi yer yoxdur, qonşu Türkiyənin öz taxılı yoxdur. Buna görə Yerevan Rusiyanın diktəsi altında qalmalı, onun bütün istəklərini yerinə yetirməlidir ki, Kreml Ermənistanı “bağlamasın”.

Biz bilirik ki, Ermənistanın bütün böyük və çox da böyük olmayan müxalifət liderləri bu və ya digər şəkildə Rusiya ilə sıx əlaqəlidir və ya onun casusudur. Buna görə Nikol Paşinyan Moskvadan ona deyilən hər şeyi etmək məcburiyyətindədir, bu, Ermənistan-Azərbaycan münasibətlərinə də aiddir. O, belə etməsə, ölkəni aclıqdan ölməyə məhkum edəcək.

Sual: Yerevandakı təyinatların Kremldən diktə olunduğunu düşünürsünüz?

Cavab: Bunu birmənalı şəkildə iddia edə bilmərəm, şəxsən məndə məlumat yoxdur, bunu məhdud insanlar dairəsi bilə bilər. Amma bilirik ki, Paşinyanın təyin etdiyi insanlar açıq-aşkar korrupsionerlərdir, hakimiyyətdə onlara yer yoxdur, amma onlar yüksək vəzifələr alıblar. Onların Rusiya xüsusi xidmətləri, parlamenti, partiyaları ilə yaxşı əlaqələri var. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası “Vahid Rusiya” ilə qardaşlaşıb. Paşinyanın Moskvadan asılılığı haqqında məntiqi nəticəni də buradan çıxarıram. Ziddiyyətlər var. Paşinyanın bəyan etdiyi hüquqi dövlətdə belə olmamalıdır, amma bu cür nümunələrin sayı gündən-günə artır.

– Paşinyanın apardığı kadr dəyişiklikləri nəyə gətirib çıxarır? Yerevanın Ankara ilə danışıqları çox tələskən deyil, amma sanki uğurludur, Azərbaycanla danışıqlarda isə irəliləyiş yoxdur. Kadrlar müəyyən məqsədlər üçün təyin edilir. Paşinyanın kadrlarını nəzərə alsaq, onun məqsədi nədir?

– Elə bir vəziyyət yaranır ki, Paşinyan bu vəziyyətdən çıxa bilməyəck. Paşinyan hakimiyyətə gələrkən haraya düşəcəyini təsəvvür etmirdi və budur, o, çıxışı olmayan bir vəziyyətə düşüb. Ona vəzifədən getmək, ya da uyğunlaşmaq qalır. O, ikincisini seçib, gedən prosesə rəhbərlik etmək, əleyhdarlarını nəzarəti altına almaq, bu sistemin bir hissəsinə çevrilmək qərarına gəlib. Bəlkə də, bu, hiylədir, baş nazirin müvəqqəti fasilə götürmək istəyidir, axı, sabah regionda nə olacağı, Rusiyanın başına nə gələcəyi məlum deyil.

Bunun Ermənistan üçün qeyri-konstruktiv addım olduğunu düşünürəm, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Amma Paşinyanın başqa yolu yoxdur. Onun yerində başqa hansı siyasətçi olsaydı, belə hərəkət edərdi.

– Azərbaycanlı oxucular üçün ən mühüm olan suala cavab verin. Bütün bunlar Ermənistan-Azərbaycan münasibətlərində nəyə gətirib çıxaracaq? Tezliklə Laçın dəhlizi Azərbaycana qaytarılmalıdır. Azərbaycan ermənilərin yerdəyişməsi üçün alternativ yol tikib. Paşinyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda razılaşdırılan dəhlizin təhvil verilməsi maddəsini poza bilər?

– Qarabağ münaqişəsi tamamilə və bütünlüklə Rusiya tərəfindən idarə olunur, Qarabağda kimin qoşunlarının olmasından və onun liderlərinin kimə tabe olmasından da bu, aydın şəkildə görünür. Şübhəm yoxdur ki, Paşinyandan və Ermənistandan çox az şey asılıdır. Baş nazirə necə desələr, elə də hərəkət edəcək, onun başqa yolu yoxdur, müstəqil siyasət yürüdə bilməz, əks halda bəhs etdiyim problemlərlə qarşılaşacaq. Bütün addımlarını Rusiya ilə razılaşdıracaq. Paşinyanın Laçın dəhlizinin qaytarılmasına mane olub-olmayacağını bilmirəm. Amma, əminəm ki, Rusiya SQ-nin Qarabağda yerləşməsi müddəti başa çatdıqda orada yeni təxribatlar olacaq, yeni qanlar axacaq ki, RF Qarabağda qalsın. RF-nin Qarabağı tərk edəcəyinə inanmıram. Rusiya bundan sonra da bizə məlum olan üsulları ilə hərəkət edəcək. Biz bunu başa düşürük. Heç bir radikal hadisə baş verməsə, mən yaxşı nəticələr gözləmirəm. Hər şey olduğu kimi qalsa, Qarabağ münaqişəsi uzun illər boyunca bizi müşaiyət edəcək.

Bənzər yazılar

Back to top button