Hadisə

Səfər Mehdiyev hansı halda istefa verəcəyini demişdi?

Məlum olduğu kimi, ötən gün Dövlət Gömrük Komitəsinin yüksək çinli məmurları Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. DTX-nın yaydığı məlumatda qeyd olunur ki, gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Yeniavaz.com xatırladır ki, araşdırmalar nəticəsində DGK yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən general-mayor Ehtiram Xəlilov, DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şükür Səfərov və DGK-nın Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən general-mayor Məsum Rəsulov barələrində həbs qətimkan tədbiri seçilib.

Bu həbslərdən sonra sosial şəbəkələrdə və KİV-də DGK sədri Səfər Mehdiyevin yaxın keçmişdə dediyi, “Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” sözləri geniş müzakirələrə səbəb olur.

Sosial şəbəkələrdə sual olunur ki, S. Mehdiyev indiki halda sözünü tutaraq istefa verəcəkmi?

Məlumat üçün xatırladaq ki, 27 dekabr 2018-ci il tarixində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkənin kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı Azərbaycanda inhisarçılığın olmadığını demişdi. DGK sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini də bildirmişdi: “Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik”.

Bənzər yazılar

Back to top button