Hadisə

Qaradağda Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi sürücüdən rüşvət alıb? – VIDEO

Yük daşınması ilə məşğul olan sürücülər Qaradağ rayonu ərazisindəki yoxlama məntəqəsində onlardan rüşvət istənildiyini bildirirlər.

AzToday.az xəbər verir ki, “Meydan TV”yə göndərilən videoda sürücü ilə müfəttiş arasındakı dialoq görüntülənib.

Görüntüdən belə aydın olur ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müfəttişi sürücüdən fərqlənmə nişanına görə 70 manat tələb edir. Videoda qurumun şöbə rəisi Zaur Qasımov da əks olunub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən “Meydan TV”yə bildirilib ki, qurumla “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları eyni şirkətə məxsus bir neçə avtonəqliyyat vasitəsinin qanunvericiliyə əsasən tələb olunan “Fərqlənmə nişanı” almadan yükdaşıma xidməti göstərdiklərini aşkar ediblər:

“Avtonəqliyyat vasitələrinin məxsus olduğu şirkətin nümayəndəsi daşıma fəaliyyətinə görə qanunvericiliklə nəzərdə tutulan “Fərqlənmə nişanı” olmadan xidmət göstərdiklərini təsdiqləyib.

Lakin Mehman Məmmədov adlı kənar bir şəxs xidmətin əməkdaşlarına yaxınlaşıb. Telefonla video çəkiliş edərək iradlar bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə mane olub. Əməkdaşlar Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edildiyini bildirdikdə o, tələsik ərazidən uzaqlaşıb. Hadisə ilə bağlı müvafiq akt tərtib edilib”.

Qurumdan bildirilib ki, bundan sonra Mehman Məmmədov sosial şəbəkələrdə Dövlət Avtomobil Nəqliyyatı Xidməti və “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-yə qarşı böhtan xarakterli paylaşımlar edir:

“Bildirmək istəyirik ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2022-ci il fevralın 1-dən etibarən “Fərqlənmə nişanı”nın həm də onlayn qaydada verilməsi təmin edilib. Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır”.

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 220-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyiciləridir. Bu vergi “Fərqlənmə nişanları” vasitəsilə ödənilir.

Bənzər yazılar

Back to top button