Siyasət

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Rusiyanın Ukraynadakı hərbi cinayətlərini pisləyib

Cümə günü ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Rusiyanın Ukraynadakı vəhşiliklərini pisləyib, onları “dəhşətli” adlandırıb, xəbəri Turan-ın Vaşinqton müxbiri verib.

“Gec-tez hamısı məsuliyyətə cəlb ediləcək. Biz buna çox inanırıq və buna nail olmağa çalışacağıq”, deyə səfir Maykl Karpenter Dövlət Departamentinin Brüssel media mərkəzi tərəfindən təşkil edilmiş xüsusi onlayn brifinqdə bildirib.

Bu həftə ATƏT-in ikinci ekspert missiyası insan hüquqlarının pozulması və Rusiyanın Ukraynaya qarşı müharibəsinin humanitar aspektləri haqqında məruzə təqdim edib.

“Bu, insan hüquqlarının, beynəlxalq humanitar hüququn pozulmasına, o cümlədən hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə daha bir baxışdır”, deyə o bildirib.

Rusiyanın hərəkətlərini terrorçuluq kimi tövsif etmək olar? Turan-ın müxbirinin bu sualına cavabda Karpenter ATƏT-in hesabatından sitat gətirib: “Tamamilə aydındır ki, bu cinayətlərin əksəriyyəti, onların miqyası və mülki şəxslərə və mülki obyektlərə qarşı hədəfi seçilməyən hücumların tezliyi döyüş əməliyyatlarının beynəlxalq humanitar hüququn pozulması ilə həyata keçirildiyinin və deməli, hərbi cinayət olduğunun aydın dəlilidir.

Karpenterin fikrincə, Rusiyanın vəhşilikləri “həqiqətən dəhşətlidir və sadə insani vicdanın çərçivələrini aşır”. O, həmçinin Rusiya rəhbərliyinin baş verənlər haqqında yaxşı məlumatı olduğuna əminliyini ifadə edib.

Belə ki, Putin Buçadakı vəhşiliklərdə iştirak edən bölməni şəxsən mükafatlandırıb. “Rusiya rəhbərliyinin Buçadakı cinayətlərə görə bu bölmələrə qarşı ittihamlardan xəbəri olmadığını təsəvvür etmək çətindir”, deyə o qeyd edib.

Karpenter həmçinin Belarusu Ukraynaya qarşı bu müharibədə “həmtəcavüzkar” adlandırıb. “Belarus Ukraynaya sonsuz sayda raket buraxmaq üçün öz hava məkanından və öz ərazilərindən istifadə etməyə imkan verib, bu raketlər mülki əhaliyə də ciddi ziyan vurub”.

Martda ATƏT iştirakçısı olan 45 dövlət Rusiyanın Ukraynada insan hüquqlarını pozması hallarının, hərbi cinayətlərinin və bəşəriyyətə qarşı cinayətlərinin araşdırılması üçün mexanizmi işə salıblar, apreldə isə 24 fevral – 1 aprel tarixlərini əhatə edən hesabat dərc edilib.

İyunun 2-də isə 45 ölkə 1 aprel – 25 iyun tarixləri arasında bu məsələlərə baxmaq üçün mexanizmi yenidən işə salıb. Bu, Buça və İrpendə törədilmiş vəhşiliklər üzə çıxdıqdan sonra baş verib.

Rusiyanın vəhşilikləri haqqında daha bir hesabat olacaqmı? – sualına cavabda Karpenter deyib ki, faktların müəyyən edilməsi üçün ATƏT üzvləri tərəfindən əlavə qrupların yaradılacağı və ya cəlb ediləcəyi ehtimalı hər zaman var. “Hazırda araşdırmaların BMT-yə keçdiyini düşünürəm”, deyə o əlavə edib.

Bənzər yazılar

Back to top button