Cəmiyyət

Yazıçı Əmir Pəhləvan Kəmaləddin Heydərova ittihamlar yağdırdı: Cənab nazir, mənim evimi verin!

Azərbaycanın yazıçı-dramaturqu Əmir Pəhləvan fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Pia.az xəbər verir ki, yazıçı sosial şəbəkə hesabında yazıb:

“Hörmətli Kəmaləddin Heydərov! 2013-cü ildə məndən zorla aldığınız (bu başqa bir söhbətin mövzusudur) Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 39 saylı sahədə olan yeganı torpağımın satış pulunun 110 min manat qalığını inflyasiyadan 4 il sonra (pul qiymətdən düşəndən sonra) 2017-ci ildə ödədiniz.

Mərhum atanız Fəttah müəllim pulun dollarla olan müqayisədəki itkisinin əvəzinə mənə “Elmlər Akademiyası” metrosu ilə üzbəüz sizə məxsus tikilən binadan mənzil söz verdi. Sizin bundan çox yaxşı xəbəriniz var.

Bir il əvvəl sizinlə şəxsən görüşüb qısa da olsa, məsələni incəliyinə qədər üzbəüz danışdım. Məni 4 dəfə qəbulunuza çağırdınız, amma qəbul etmədiniz. Telefonla 4-5 dəfə şəxsən sizinlə danışığımız oldu. Söz versəniz də, yenə qəbul eləmədiniz.

Allah Fəttah müəllimə rəhmət eləsin! Hər dəfə söz verirdi ki, Kamal səni yanına çağırıb mənzilin sənədlərini özü təqdim edəcək. Təəssüf ki, bu, belə olmadı. Sonra isə Fəttah müəllim dünyasını dəyişdi.

Mənim telefon yazışmalarım (mesajlar fakt kimi məndə qalır) və zəng qeydiyyatlarım var. Lazımı orqanlar araşdıra bilərlər. 2013-cü ildən bu günə qədər bəlkə də sizə 100-ə qədər məktub, teleqramma və telefon zəngləri (mesajlar) etmişəm, heç bir nəticəsi yoxdur.

Cənab nazir, xahiş edirəm, mənim evimi verin!”

Xatırladaq ki, Əmir Pəhləvan 70 kitabın, 15 filmin, 2 teatr tamaşasının müəllifidir. Dünyanın bir çox nüfuzlu mükafatlarının sahibidir. 40 kitabı Avropada, Amerikada, Almaniyada, Avstryada və başqa xarıcı dövlətlərdə nəşr olunub.

Bənzər yazılar

Back to top button