Cəmiyyət

“Döyüşdə 3 dəfə yaralanan qazi hələ də əlillik dərəcəsi ala bilmir”

“İkinci Qarabağ Müharibəsi qazisi Xəyal Abbasov çətin vəziyyətdə yaşayır, qazinin problemləri ilə maraqlanan yoxdur”.

AzToday.az xəbər verir ki, bu sözləri Meydan TV-yə qazinin yaxınları deyiblər.

Xəyal Abbasov 7 il Daxili Qoşunların Xüsusi Təyinatlılarında xidmətdə olub. Müharibə zamanı Murov dağı istiqamətində döyüşlərə qatılıb. Orada yaralanıb. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunarkən Prezident İlham Əliyevlə görüşən hərbçilərdən biridir.

Yaxınları deyirlər ki, Xəyal öz ərizəsi ilə müalicədən imtina edərək yenidən döyüşlərə qatılıb. Cəbrayılda, sonra Hadrutda döyüşlərin birində yenə yaralanaraq kəllə-beyin travması alıb. Bu dəfə Neftçala hospitalında müalicə alıb və yenidən döyüşə qatılıb.
“İkinci dəfə döyüşə qatılanda bədənində 17 qəlpə olub. Üçüncü dəfə Şuşa istiqamətində döyüşlərdə iştirak edib. Həmin istiqamətdə avtomobilləri dağdan aşıb və o, yenidən ağır yaralanaraq xəstəxanaya çatdırılıb. İndi isə onun problemləri heç kimi maraqlandırmır”,- dövlət müəssisəsində çalışdığı üçün adının çəkilməsini istəməyən yaxını danışıb.

Döyüşdə üç dəfə ağır yaralanan Xəyal hələ də əlillik dərəcəsi ala bilmir, iki azyaşlı övladı ilə valideynlərinin himayəsində yaşayır.

Ailə üzvləri deyir ki, Goranboy Rayon İcra Hakimiyyətinə, rayon bələdiyyəsinə torpaq üçün müraciət etsələr də, istəklərinə baxan yoxdur.

“Mingəçevirdə psixiatr müayinəsinə getmişdi. Deyir ki, Goranboyda get-gələ salırlar. Mingəçevirdə isə əksinə onu xoş qarşılayıblar. Sakitləşdirici dərmanlar qəbul edir, ayaqüstə çox qala bilmir. Xəyala həm maddi, həm də mənəvi yardım lazımdır”, – yaxını deyib.
Goranboy Rayon İcra Hakimiyyətindən bildiriblər ki, qurumda şəhid ailələri və qazilərlə bağlı komissiya fəaliyyət göstərir. Qazilər qəbul edilərək müraciətləri dinlənilir. Xəyal Abbasova da torpaq sahəsi təklif edilib. O ki qaldı əlillik dərəcəsinə, icra hakimiyyəti yalnız aidiyyatı quruma müraciət üçün istiqamətləndirə bilər.

Meydan TV-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı sorğu isə cavablandırılmayıb.

Bənzər yazılar

Back to top button