AnalitikaBizim seçimManşetSiyasət

Xarici siyasət daxili problemlərin həllinin lokomotivi təyin edilib

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin yarımilliyinin yekunlarına həsr olunmuş toplantı keçirilmişdir.

Prezident İlham Əliyev etiraf edib ki, Azərbaycanın xarici siyasi doktrinası daxili siyasətdən daha balanslı və uğurlu olub.

“Əlbəttə, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, digər tərəfdən də dünyada”, deyə Əliyev iyulun 15-də birinci yarımilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Əliyev qeyd edib ki, bütün xarici güc mərkəzləri ilə tarazlıq əldə olunub. Onun çoxistiqamətli siyasətinə Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Aİ, müəyyən dövlətlərlə ikitərəfli siyasət daxil olub, ABŞ-la müsbət münasibətlər xüsusi olaraq vurğulanıb.

Beynəlxalq siyasətdə bu müsbət irəliləyiş prezidentə 44 günlük müharibənin nəticələrinin möhkəmləndirilməsi üzrə siyasəti irəlilətməsi üçün əlavə əminlik verib. Bu siyasətin əsas məğzi ölkənin ərazi bütövlüyünün tam bərpa edilməsindən və Ermənistanla uzunmüddətli sülhün bərqərar edilməsindən ibarətdir. Ermənistanı hərtərəfli sülh sazişinin bağlanması və nəqliyyat yollarının açılması prosesini ləngitməkdə ittiham edən Əliyev növbəti dəfə Yerevanın ATƏT-in Minsk Qrupunu bərpa etmək siyasəti ilə razı olmadığını bildirib. Onun əsaslı məntiqinə əsasən, Qarabağın ermənilər məskunlaşan ərazisinin statusu beynəlxalq müzakirələrin predmeti ola bilməz, belə ki, məsələ hökumət və erməni icması arasında daxili diskurs fazasına qayıdıb.

Vitse-prezident, baş nazir, iqtisadiyyat və sosial müdafiə nazirləri, prezident administrasiyasının rəhbəri və dövlət başçısının köməkçilərinin iştirakı ilə dar tərkibdə keçirilən müşavirədə daxili siyasətlə bağlı ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin vəziyyətindən narahatlıq ifadə olunub.

Son 20 ildə 2001 və 2019-cu illərdə olmaqla iki ərzaq təhlükəsizliyi proqramı qəbul edilib. Bu ilin iyununda ərzaq təhlükəsizliyi haqqında qanun təsdiq edilib. Amma əhalinin yerli məhsulla tam təmin edilməsi vəzifələri həll edilməyib. Statistika ölkənin xarici ərzaq asılılığının durmadan artdığını göstərir.

İlin ilk yarısının yekunlarına həsr edilmiş müşavirədə açıqlanan 12,9%-lik inflyasiya, o cümlədən ərzaq məhsullarının qiymət indeksinin 19 faiz artması bunu göstərir. İnflyasiya durmadan əmək haqqı və pensiya artımını əridir.

İqtisadiyyat naziri iqtisadiyyatın artım tempinin yüksək olduğunu (6,2%) qeyd edib, əmək və əhalinin sosial müdafiəsi naziri isə sosial rifahın yüksəldiyini, minimum əmək haqqı və pensiyanın müvafiq olaraq 300 (176 dollar) və 240 manata (141 dollar) qədər artırıldığını bildirib. Bu rəqəmlər müvəffəqiyyət baxımından xarici siyasi nirvanadan geridə qalan daxili siyasətin real vəziyyətini əks etdirə bilər.

Mehman Əliyev

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button