Hadisə

Vilyam Hacıyev son çıxışına hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkili Yusif İsmayılov müdafiə nitqi ilə çıxış edib. Onun sözlərinə görə, ittiham tərəfi ağır cəza istəyib:

“Vilyam Hacıyev Azərbaycan dövlətinə xidmətləri olub və buna görə də təltif olunub. Bütün bu hallara qiymət verilməlidir. Bir səhvə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəzanın təyin olunması da islah olunmaq deməkdir. Prokuror çıxışında Cinayət Məcəlləsinin 52 və 70-ci maddələrinin tələblərini nəzərə almayıb”.

Vəkilin sözlərinə görə, Vilyam Hacıyevin səhhətində problemlər var.

V.Hacıyevin digər vəkili Elmar Kərimov da çıxış edərək Vilyam Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Vilyam Hacıyev son sözünə hazırlaşmaq üçün hakimdən 10 gün vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 25-də davam edəcək.

Xatırladaq ki, ötən prosesdə prokuror Vilyam Hacıyevə 13 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Prokuror həmçinin sabiq icra başçının üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə olunmasını istəyib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bənzər yazılar

Back to top button