Siyasət

Azərbaycan XİN başçısının AFR Bundestaqının vitse-prezidenti ilə görüşü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart ilə görüşüb.

XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə ikitərəfli və regional, habelə Ukrayna və onun ətrafında vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Görüşdə həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.

Budan başqa, Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Elə bu gün Görinq-Ekart Azərbaycanın mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb. O, Azərbaycan cəmiyyətinin Ukraynadakı müharibəyə münasibəti, Ermənistan-Azərbaycan nizamlanmasının vəziyyəti və perspektivləri, ümumilikdə regionda vəziyyət ilə maraqlanıb.

Eyni zamanda, Almaniya hakimiyyətinin siyasi fəalları deportasiya etməsi, onların Azərbaycanda saxta ittihamlarla mühakimə olunması məsələsi qaldırılıb. O, Azərbaycan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırmağı vəd edib.

Bənzər yazılar

Back to top button