Siyasət

Bayden-Putin görüşü: qazanclı çıxan kim oldu və nəsə dəyişəcəkmi?

“Görüş nəticəsində əldə edilən yenilik ondan ibarətdir ki, ABŞ Rusiyanın beynəlxalq qanunları pozan təcavüzkar siyasətinə qarşı ortaya heç nə qoya bilmədiyini anladı”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə başa çatan Co Bayden-Vladimir Putin görüşünün nəticələri, hansı yeniliklərə gətirib-gətirməyəcəyi barədə danışarkən deyib. Həmsöhbətimiz bildirdi ki, ABŞ mövcud vəziyyətlə barışmalı olub:

“Ona görə də Rusiya ilə yenidən normallaşmağa doğru addımlar atmağa başlayıb. Səbəb də Çinlə bağlıdır. Vaşinqtonda anlayırlar ki, yaxınlarda ABŞ-la Çin arasında güclü rəqabət başlayacaq. Belə şəraitdə Ağ Ev Rusiyanı Çinin müttəfiqi yox, ən azından neytral dövlət statusunda görmək istəyir”.

Belə durumda Z. Əlizadənin fikrincə, Rusiya bundan sonra da istədiyini edəcək, beynəlxalq hüquq normaları ilə hesablaşmayacaq:

“Yenə də “ağanəzərəm, harada istəsəm, gəzərəm” kimi özünü aparacaq. Amerika da buna dözməli olacaq. Görüş fonunda ziddiyyət doğuran məsələlərdə heç bir konkret nəticənin əldə edilməməsi belə düşünməyə əsas verir. İnsan hüquqları, silahlanma sahəsində, Ukrayna kimi məsələlərdə də heç bir irəliləyiş olmadı”.

Ekspert dedi ki, növbəti silahlanma raunduna imkan verilməməsi Moskvanın qazancıdır:

“Bu da maddi imkanları geniş olmayan Rusiyaya əl verir. Görüşdən irəli gələn nəticələr göstərir ki, mövcud əvvəlki durum davam edəcək. ABŞ-la Rusiya arasında artan xətlə gedən ziddiyyətlər tədricən tənzimlənməyə başlayacaq. Səfirlərin geri qayıtmasına razılıq verildi, silahlanma sahəsində müəyyən məhdudiyyətlər razılaşdırıldı. Bundan sonra yəqin ki, tədricən bir-birinə daha da yaxınlaşacaqlar”.

Bənzər yazılar

Back to top button