Hadisə

İcra başçısının işdən çıxarılan müavini əsəbiləşdi: “Dövlətimə nə deyim?”

Xəbər verildiyi kimi, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi təsdiqləndi və faktla bağlı cinayət işi açıldı.

Digər məlumatlara görə Rasilə Əliyeva icra başçısının müavini vəzifəsindən də kənarlaşdırılıb.

Məsələni dəqiqləşdirmək üçün Rasilə Əliyeva ilə əlaqə yaratdıq. İcra başçısının xanım müavini açıqlamasında növbəti dəfə faktı təkzib edib və barəsində cinayət işi açılması qərarını tənqid edib.

“Mənə aid olmayan məsələdə müqəssir kimi tutuluramsa, dövlətimə nə deyim? Etmədiyim bir şeydən ötrü barəmdə necə cinayət işi açıla bilər? Mən o işi eləməmişəm. Ümumiyyətlə, mənə niyə sual verirsiz? Sizə məlumat lazımdır, gedin yazın da…İşimin başında olub-olmamağımın sizə nə aidiyyəti var?”, deyə Rasilə Əliyeva danışığı yarımçıq qoyub.

Baş Prokurorluğun araşdırması zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09.00 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdini öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsilə yaşadığı evə gətizdirib.

Sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq, yetkinlik yaşına çatmadığını nəzərə almadan məktəblinin iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb.

Şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Mənbə: Bizim.Media

Bənzər yazılar

Back to top button