GündəmManşetSiyasət

“Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması mümkündür” – Ər.Oruclu

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması məsələsinə toxunub.

O, qeyd edib ki, bu öhdəlik 10 noyabr 2020-ci il tarixli Bəyannaməsində göstərilsə də, hələ də yerinə yetirilməyib. «Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır».

Prezident deyib ki, Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə bunu açıq desin. «Biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir».

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra növbəti addımlar bəlli olacaq.

Bəzi ekspertlər Prezidentin bu sözlərini antiterror əməliyyatın başlaya biləcəyinə anonsu kimi qiymətləndirir.

İyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri təkbətək görüşüb. Bu görüşün nəticəsi kimi Ermənistan razılığa gəlməsə antiterror əməliyyatlar keçirilə bilər? Bu vəziyyətdən çıxış yolu nədir?

Xarici İşlər Nazirliyindən Turana bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməli olduğunu qeyd edib. «Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb».

Nazirlikdən qeyd olunub ki, Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ermənistan XİN-in yaydığı məlumatda isə bildirilir ki, nazir Ararat Mirzoyan Ermənistan tərəfinin mövqeyini təsdiqləyərək regionda sabit və uzunmüddətli sülhün nail olması yolunda «Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi vacibdir. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun təcrübəsi vacibdir».

Məlumata görə, Mirzoyan görüşdə «erməni hərbi əsirlərin qaytarılmasının vacibliyini» qeyd edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, 10 noyabr Bəyannaməsinin ən mühüm bəndlərdən biri 4-cü bənddir. «Bu, Rusiya sülhməramlı qüvvələrin gəlişilə paralel şəkildə qeyri-qanuni erməni silahlı birləşmələrin çıxarılması ilə bağlı bənddir. Bu bəndin bir hissəsi icra olundu. Rusiya sülhməramlıları gəldi. Amma erməni silahlı birləşmələri çıxarılmadı».

Deputatın sözlərinə görə, bu 10 noyabr razılaşmanın şərtlərinə daban-dabana zidd bir addımdır.

Komitə üzvü qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşündə bu məsələ müzakirə olunub. «Biz gözləyirik. Azərbaycan tərəfi gözləyir ki, həmin bənd işə salınsın və nəticə etibarilə regionda vəziyyət tam dəyişə, sülh müqaviləsinin imzalanması üçün unikal şərait yarana bilər».

Nəsirov bildirib ki, bu baş verməyəcəyi təqdirdə bir neçə variant nəzərdən keçirilə bilər. «Bu bənd icra olunmursa bu, 10 noyabr sənədinin legitimliyinə şübhə yaradır, kölgə salır. Bu Ermənistan və Rusiya üzərinə əlavə məsuliyyət qoyur. Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri necə ola bilər? Bu qeyri-mümkündür. Hansı ölkə öz ərazisində qeyri-qanuni silahlı qüvvələrinin olmasına icazə verər? Heç biri».

O, qeyd edib ki, bu vəziyyətdə də Azərbaycan atdığı addımlar tamamilə beynəlxalq hüquqi normalarına uyğun ola bilər. «Antiterror əməliyyatlar aparıla bilər. Belə olan halda bütün məsuliyyəti Ermənistan üzərinə düşmüş olacaq. Nə qədər ki, həmin iks anı yetişməyib, Ermənistan sənədin 4-cü bəndinə əməl etsin».

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, 10 noyabr sənədinin 4-cü bəndi artıq 2 ildir icra olunmur. «Bu sənəd imzalananda Rusiya tərəfi öhdəlik götürmüşdü ki, Qarabağdan erməni silahlı qüvvələri çıxarılacaq. Həmin bəyanata Ermənistan da imza atıb. Amma Rusiya öhdəliyini yerinə yetirməyib».

Ekspertin fikrincə, Qarabağdakı erməni silahlılarının əksəriyyəti Paşinyana tabe deyil. «Orada iki tip silahlı var. Onların bir hissəsi rəsmi Ermənistan ordusunun hissələridir. Digəri isə yerli quldur dəstələridir. İndi demək olar ki, iki il keçəndən sonra İlham Əliyevin yadına düşdü ki, onlar Qarabağdan çıxarılmayıb».

Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün heç bir nəticəsi olmayacaq. «Çünki bu silahlıların çıxarılması Rusiyaya lazım deyil. Rusiya bilir ki, hər hansı hərbi qarşıdurması olsa onun iki çıxış yolu var. Biri – erməni dəstələri adı altında Rusiya özü fəaliyyət göstərsin, ikinci variant isə odur ki, Rusiya özü hər hansı gərginlik yaradır və yaxud da Azərbaycan antiterror əməliyyatına başlayır, bunun ardınca da Rusiya Gürcüstan ssenariyə əl atır».

O, qeyd edib ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması mümkündür. «Amma onun nəticələri çox böyük sual altındadır. Belə olan halda Rusiya sülhməramlıları altında işğalçı qüvvələrlə toqquşma ola bilər. Bu isə Rusiyaya bölgəyə əlavə qoşun yeritməyə və hətta Azərbaycana qarşı açıq təcavüzə keçməyə rəvac verə bilər».

Politoloq qeyd edib ki, digər variant kimi Azərbaycan antiterror əməliyyatları Rusiya ilə anlaşıb başlaya bilər.

Bənzər yazılar

Back to top button