Cəmiyyət

“Sürücü dedi ki, yuxarıdan tapşırıq var, gediş haqqı 40 qəpik olub” – Naxçıvan sakini

Bu gündən etibarən Naxçıvan şəhəri daxilində avtobusların gediş haqqı 10 qəpik qaldırılıb. Yeni tariflə bağlı əhaliyə əvvəlcədən məlumat verilməyib və bununla bağlı rəsmi qərar da hələ ki, ictimailəşdirilməyib. Rayon, qəsəbə və kəndlərə isə məsafədən asılı olaraq gediş haqqı 30 faizədək bahalaşıb.

AzToday.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Naxçıvan şəhər sakini Murtuz Abdullayev deyir ki, yeni qiymət barədə əvvəlcədən məlumat verilmədiyi üçün bunu avtobus sürücüsündən öyrənib:

“Bu gün səhər işə gedərkən avtobusa 30 qəpik pul verdim. Sürücü dedi ki, qiymətlər bu gündən qalxaraq 40 qəpik olub. Mən etiraz etdim. Bildirdim ki, bu barədə hökumətin qərarı olmayıb. Sürücü israr etdi ki, qeyri-rəsmi yuxarıdan tapşırıq var, ya 40 qəpik ödəyəcəksən, ya da marşrutdan enəcəksən. Məcbur qalıb əlavə 10 qəpik də ödədim”.

Başqa bir şikayətçi Vəli Nəbiyev isə deyir ki, qiymətlərin bahalaşmasına görə, onun olduğu avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb:

“Marşrut sürücüsü sərnişinlərə gedişhaqqının 30 qəpikdən 40 qəpiyə qalxdığını elan etdi. Sərnişinlər etiraz edərək sürücüdən gediş haqqının 40 qəpik olması ilə bağlı elanı yazıb avtobusa yapışdırmağı tələb etdilər. Sürücü etiraz etdi. Bu səbəbdən sürücü ilə sərnişinlər arasında mübahisə yarandı. Sürücü qiymətlərin rəsmi qalxmadığını, yuxarıların tapşırığı olduğunu bildirdi. Dedi ki, Aİ-95 markalı benzinin qiyməti qalxıb. Sərnişinlər bu avtobusların Aİ-95 markalı yanacaqla işləmədiyini bildirsə də xeyri olmadı. Sürücü sərnişinlərdən bir gediş üçün 40 qəpik aldı”.

Bənzər yazılar

Back to top button