Hadisə

Tofiq Yaqublunun adına olan torpaq tutulub

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu onun adına olan torpaq sahəsinin tutulduğunu yazır. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, Rusiyada yaşayan qohumu 2006-cı ildə Bakının Binəqədi rayonunda onun adına 3 sot torpaq sahəsi alıb: “Delta Plus LTD” şirkəti Binəqədi qəsəbəsi bələdiyyəsində sərəncam, müqavilə, ödəniş və çertyojla tam qanuni rəsmiləşdirilmiş torpaq sahəsini zəbt edib. Dövlət orqanlarına şikayətlər heç bir nəticə vermədi, məhkəməyə üz tutduq. Binəqədi Rayon Məhkəməsinin hakimi İlkin Əliyevin icraatında olan bu iş uzun müddətdir donub qalmışdı. Bizə ədalətli qərar verməyə çalışdığını deyən hakim sonda zəbtetməyə haqq qazandırdı. İyulun 5-də çıxarılmış məhkəmə qərarını iyulun 18-də almışam, apellyasiya şikayəti verəcəm”.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.

Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.

Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

Bənzər yazılar

Back to top button