AnalitikaDünyaManşet

Tehran görüşü: Putin, Ərdoğan və Rəisi nəyə nail ola bilər? (ŞƏRH)

Bugünkü Tehran görüşü haqqında çoxsaylı mülahizələr irəli sürülür. Hətta bəzi Rusiya ekspertləri və rəsmiləri onu Tehran – 43 ilə müqayisə etmək qədər absurd təxəyyül məhsulu ortaya qoyurlar. Belə yanaşma Rusiyanın hal-hazırkı durumu ilə bağlı aparılan primitiv təbliğatdan başqa heç nə deyil.

Xatırladım ki, 1943-cü ildə ABŞ, Böyük Britaniya və SSRİ rəhbərlərinin Tehranda keçirdiyi görüş dünyanın post müharibə dövrü üçün müqəddəratını həll edən silsilə müzakirələrdən biri idi.

Yalnız biri, çünki antifaşist koalisiyasının üzvü olan 3 müttəfiq ölkə həm də əsas dünya gücləri idi və onların Yalta konfransı da olmuşdu. Yekun qərar isə artıq Almaniya məğlub olduqdan sonra Potsdam Konfransında uzun müzakirələrdən sonra verilmişdir.
Bugünkü Rusiya, İran və Türkiyə isə heç bir halda və heç bir parametrlər üzrə Tehran-43 üçlüyü ilə müqayisə oluna bilməz. Nə iqtisadi, nə hərbi, nə də siyasi baxımdan müştərək platformaya malik olmayan Rusiya, İran və Türkiyə yalnız öz aralarında olan bir sıra ziddiyyətləri müzakirə edə bilərlər. İlk növbədə də Suriyaya dair.

Bundan başqa müzakirə olunan məsələlər sırasında həmçinin Türkiyənin BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) birliyinə mümkün üzvlüyü də ola bilər, amma bu istiqamətdə də hansısa konkret addımlar atıla biləcəyini söyləmək hələ çox tezdir.

Hər bir halda bugünkü Tehran görüşünü Tehran – 43 ilə simvolizə etmək ciddi yanaşma deyil, çünki görüş iştirakçılarının real gücü yalnız regional məsələlərə dair hansısa qərarlar vermək üçün yetərli ola bilər. Elə görüşü olduğundan daha əhəmiyyətli təqdim etməyə canfəşanlıq edən Kreml təmsilçilərinin açıqlamalarındakı çoxsaylı ziddiyyətlər də bunu deməyə əsas verir.

Ən səmimi etiraf isə bu arada prezident Putinin özündən gəlib. Rusiya rəhbəri bildirib ki, ölkəsinə sanksiyalar tətbiq etməklə Qərb öz texnoloji imkanlarını Rusiyanin üzünə bağlayaraq onu inkişafdan saxlamaq niyyəti güdür. Necə deyərlər, no comment.

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button