İqtisadiyyat

Ət dünyanın bir çox yerində ucuzlaşır, Azərbaycanda bahalaşır

Son günlər Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Bugünlərdə mal ətinin 1 kiloqramı Bakıda bəzi satış məntəqələrində 12 manatdan 14 (15) manata, rayonlarda isə 11 manatdan 13 manata yüksəlib. Bundan əvvəl də bu il ətin qiyməti bir neçə manat yüksəlmişdi. Qoyun ətində də bahalaşma var. Bahalaşma ümumilikdə il ərzində 30 faiz civarında müşahidə edilir. Halbuki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada son üç ayda ətin qiymətində azalmalar baş verir. FAO-nun Ət Qiymətləri İndeksi iyulda iyuna nisbətən 0.5, avqustda iyula nisbətən 1.5, sentyabrda isə avqusta nisbətən 0.5 faiz azalıb.

Rəsmi statistikaya görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ət istehsalı 364.2 min ton olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz çoxdur.

İdxala gəlincə, cari ilin yanvar-avqust aylarında Azərbaycana 26 min 149 ton ət gətirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1.8 faiz çoxdur.

“Qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir”

Kənd Təsərrüfatı Nazirliyindən “Turan”a bildirilib ki, qurum qiymət tənzimləməsində iştirak etmir: “Kənd Təsərrüfatı Nazirliyinin belə bir funksiyası yoxdur. Dövlət qiyməti heç bir formada tənzimləmirsə, bazarda qiymətlər tələb-təklif qanununa görə müəyyənləşir”.

Qeyd olunub ki, “bazarda qiymət qalxıb” deməzdən əvvəl ət satış nöqtələrinin neçə faizində bu bahalaşmanın baş verib-vermədiyini bilmək lazımdır: “Əgər hansısa bir satış nöqtəsində satıcı qiyməti qaldırıbsa, buna “bazarda qiymətlər qalxıb” demək olmaz”.

“ƏDV-ni diferensiallaşdırmaq lazımdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə agentliyə deyib ki, bahalaşma tək ətin qiymətində müşahidə olunmur: “Azərbaycanda ət çatışmazlığı yoxdur. Amma deyirlər, yem bahadır, yemin bir hissəsi xaricdən gətirilir”.

Deputatın sözlərinə görə də, Azərbaycan iqtisadiyyatında ən narahatedici məsələ məhz qiymət artımıdır: “Qiymət artımını stabilləşdirmək üçün xaricdən gələn ərzaq məhsullarının Əlavə Dəyər Vergisini diferensiallaşdırmaq lazımdır. Yəni, hamısına 18 faiz yox, 1-2 faiz tətbiq etmək lazımdır”.

O bildirib ki, baş nazirin rəhbərliyi altında iclaslar keçirilib, antiinhisar tədbirləri haqqında qərarlar qəbul olunub, amma yenə də qiymət artımı var: “Dövləti başa düşmək olar, bu məsələ ondan asılı deyil, çünki kifayət qədər çox məhsulu biz xaricdən idxal edirik. Xaricdə də qiymətlər bahalaşıb. Ona görə də bu qiymət artımı müəyyən vaxt davam edəcək”.

“Örüş sahələrini əkinə verdi”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, son dörd ayda Azərbaycanda ət və ət məhsullarının bahalaşması tendensiyası güclənir: “Ət və ət məhsullarının qiymətləri iyunda 0.2, iyulda 0.4, avqustda 2, sentyabrda isə yalnız mal ətinin qiyməti 14-17 faiz artıb. İyul ilə müqayisədə avqustda Azərbaycanda ət və ət məhsullarının idxal dəyəri 26.4 faiz artıb”.

Ekspert Azərbaycanda yem bazasının zəif olduğunu deyir: “Bahalaşmanın əsas faktoru budur. Amma hakimiyyət bu yem məsələsində tədbir görmək, yemçilikdə məhsuldarlığı artırmaq əvəzinə örüş sahələrini əkinə verdi. İndi isə biz statistikadan görürük ki, ot və şirəli yem istehsalı azalıb”.

“Azərbaycanda ətin bahalaşması yerli problemlə əlaqədardır”

V.Məhərrəmlinin hesablamalarına görə, Azərbaycanda tələbat 2 milyon 500 min olduğu halda, cəmi 300 min ton qüvvəli yem istehsal olunur: “Yəni, heyvandarların heyvanın kökəltməsində istifadə etdikləri yemin kifayət qədər və keyfiyyətli olmadığı üçün xərcləri çoxalır, əldə etdikləri məhsulun həcmi isə az olur”.

Onun sözlərinə görə, bu da o deməkdir ki, fermerlərin istehsal etdiyi ətin maya dəyəri getdikcə artır və onlar məcburiyyət qarşısında ətin qiymətini artırırlar: “Dünya bazarında ətin qiyməti get-gedə ucuzlaşdığı bir halda, Azərbaycanda ətin bahalaşması yerli problemlə əlaqədardır”.

Bənzər yazılar

Back to top button