GündəmManşetSiyasət

“Media sahəsində ötən il, daha öncəki illərdə necə idisə, aşağı-yuxarı, durum eyni qalır”

Milli Mətbuat günü ərəfəsində ASTNA media məsələləri üzrə ekspert, Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyevlə media və jurnalistlərin son bir ildəki durumu barədə söhbət edib.

* * *

– Xalid bəy, son bir ildə mediada nələr baş verdi? Bu il media sahəsində nə ilə yadda qaldı?

– Uzun illərdir ki, Azərbaycanda media sektoru, media azadlığı ciddi problemlərin məngənəsində sıxılmaqdadır. Media qanunları problemlidir, medianın maliyyəyə, reklam vəsaitlərinə çatım problemi var, peşəkarlıqla bağlı çətinliklər var, azadlıqla bağlı çox ciddi problemlər var. Hər zamanki kimi ötən yaydan indiyə qədərki dövrdə də qeyd edilən təməl məsələlərlə bağlı köklü dəyişikliklər olacağına, medianın azad və sərbəst fəaliyyəti üçün əlverişli mühitin yaradılacağına gözləntilər, ümidlər vardı. Bu ümidlərin doğrulduğunu söyləmək üçün nəsə tapmaq çətindir. Media sahəsində ötən il, ondan əvvəlki, daha öncəki illərdə necə idisə, aşağı-yuxarı, durum eyni qalır. Media yenə hökumətin illik ayırdığı vəsaitlərdən asılıdır, reklam bazarı azad mediaya qapalıdır, bu durum medianı, jurnalistləri neqativ təsirləndirməkdədir.

– Yenə həbslər və təhdidlər baş verdi. İstərdim bu barədə məlumat verəsiniz. Həmin həbslərin motivi və təhdid faktlarının araşdırılması haqda nə demək olar? Ümumiyyətlə, bu bir il ərzində ifadə azadlığının pozuntusu, jurnalistlərə qarşı basqılar, media orqanlarının susdurulması, jurnalistlərə qarşı məhkəmə prosesləri ilə bağlı hansı hadisələr baş verib?

– Hər şey əvvəlki illərdə olduğu kimidir, ola bilsin, daha pisdir, jurnalist həbsləri, ifadə azadlığı haqqından yararlanmağa görə digər həbslər təəssüflər olsun ki, davam edir. Jurnalistlərə qarşı törədilən əməllərə hüquqi qiymət verilməsi baş vermir. Ötən 6 aya baxsaq, jurnalistlərlə bağlı 70-dən çox insidentin baş verdiyini söyləyə bilərik. Ən narahatedici məqam jurnalistlərin peşə fəaliyyətinə görə, təhdid edilməsi tendensiyasıdır. Bu kontekstdə ən qorxulu olaya tanınmış jurnalist Aytən Məmmədova məruz qalmış, ölümlə hədələnmişdi. Başqa bir jurnalist Əziz Orucov da təhdidlə üzləşmişdi. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər 20 dəfədən çox saxlamaya, zorakı rəftara məruz qalıblar. Ən pisi odur ki, qanunvericilik belə durumlarda jurnalist haqlarının qorunmasını nəzərdə tutsa da həmin mexanizmlər illərdir, işə düşmür. A.Məmmədova olayından aylarla vaxt keçib, şəhərin mərkəzi hissələrindən birində baş vermis bu qorxulu hadisəyə görə hələ də heç kim məsuliyyətə cəlb edilməyib, araşdırma ilə bağlı cəmiyyət bilgiləndirilməyib. Böhtan və təhqirə görə ağır cinayət cəzaları nəzərdə tutan qanunlar hələ də dəyişdirilməyib, həm də daha yayğın şəkildə tətbiq edilməyə başlayıb. Hətta əksər sovet ölkələrində tətbiqinə moratorium qoyulan, ölü müddəalara çevrilən belə qanunlar, media, ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin gözünün qorxudulması üçün istifadə olunmaqdadır. Jurnalistlər buna görə, ümumilikdə 20 dəfədən çox məhkəməyə çəkiliblər. Böhtan və təhqirlə bağlı məhkəmə təcrübəsi köhnədən qalmadır, Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmır.

– Bu bir il ərzində Azərbaycanda medianın durumu ilə bağlı hər hansı müsbətə doğru irəliləyiş olubmu?

– Mediaya təsir edən xeyli dəyişikliklər var, ancaq onların ümumi media mühitinə müsbət təsir göstərdiyini söyləmək olmaz. Məsələn, zahirən dəyişikliklər olub, bu, daha çox media qanunvericiliyi, media sahəsində dövlət tənzimlənməsini həyata keçirən qurumların kosmetik yenilənməsi ilə bağlıdır. Ancaq bütün bunlar medianın ümumi durumunu yaxşılaşdırmır, daha da pisləşdirir. Məncə, son bir ildə media sahəsində ən nəzərəçarpan trend medianın özünütənzimləməsindən imtina olunmasıdır. Hökumət mediaya nəzarəti daha da sıxlaşdırır, onu tam ram etməyə çalışır. Bu, daha çox sovet dövründəki media tənzimlənməsinə oxşayır.

– Azərbaycanda yeni media qanunu qüvvəyə mindi. Necə düşünürsüz? Bu yeni media qanunu jurnalistlərin və medianın fəaliyyətinə dair vəziyyəti müsbətə doğru dəyişə bildimi?

– Yeni qanuna qədər Azərbaycanın media qanunvericiliyi qismən problemli idi, müəyyən dəyişiklikləri zəruri edirdi. Ancaq qanunvericilik kifayət qədər aydın idi, istər teleradio mediası ilə, istərsə də çap və internet mediası ilə bağlı göstərişlər anlaşılandı. Yeni qanun bütün əvvəlki qanunların ləğvi fonunda qəbul olunub və bütün KİV-ləri əhatə edir. Yeni qanunun ümumi mətni mücərrəd, anlayışlar dolaşıqdır, media, jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirmək məzmunundadır. Qanun, kimin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyən etməkdən tutmuş, teleradio, onlayn mediaların lisenziya və ya icra orqanından rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Medianın, jurnalistikanın özünütənzimləməsi imkanlarına sahib olması redaksiya müstəqilliyinin qorunması, kənar müdaxilələrin minimala endirilməsi, keyfiyyətin yüksəldilməsi, jurnalistikaya toplumun inamının artırılması, toplumun obyektiv və vicdanlı mediadan gözləntilərinin öyrənilməsi və mediaya çıxışının təmin olunması baxımından çox böyük önəm daşıyır. Yeni qanun bütün bu məsələlərdə ciddi problemlər yaradır, hər hansı müsbətə doğru dəyişiklik işartısı vermir. Avropa Şurası Venesiya Komissiyası da öz rəyində bu problemləri aydın ifadə edib. “Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanun tətbiq edilməməlidir”, AŞ standartları üzrə ixtisaslaşan qurumun rəyində belə yazılıb. Biz də hələ ötən ilin sonunda eyni düşüncələri ifadə etmişdik. Ona görə, yeni qanunvericilikdən nəsə irəliləyiş gözləmək çox çətindir. Qanun yenidir, yeni tətbiq edilir, tətbiq edildikcə, onun hələ çox problemləri üzə çıxacaq.

– İfadə azadlığının, media azadlığının qorunması üçün Azərbaycan hansı addımları atmalıdır? Necə etmək olar ki, heç bir jurnalist basqıya, təzyiqə məruz qalmasın?

– Söhbət qorunmadan gedirsə, belə mexanizmlər yaradılmalıdır. Jurnalistləri, ifadə azadlığı hüququnu qoruyan qanunlar var, ancaq əvvəldə də dediyimiz kimi işlək deyil. İlk növbədə həmin mexanizmlər işə salınmalıdır. Jurnalistlərin qorunması, onlara qarşı bütün təzyiq olaylarının dərhal araşdırılması, günahkarların məhkəmə önünə çıxarılması, həm milli qanunlardan, həm də ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən doğan öhdəlikdir. Hökumət bu öhdəliyinə əməl etməlidir. Jurnalistika riskli peşədir, basqı, çətinliklə qarşılaşmaq, bu peşənin təbiətindədir. Onu tamamilə istisna edən rejim formalaşdırmaq çox çətindir. Ancaq onu minimala endirmək mümkündür. Bizdə başlıca problemlərdəndir ki, jurnalistlərə qarşı təzyiqlər cəzasız qalır. Cəzasızlıq jurnalistlərlə, media ilə zor yolu ilə haqq-hesab çəkmək istəyənləri buna daha da həvəsləndirir. Təzyiqlərin ədalətli araşdırılıb cəzalandırlması baş verməlidir ki, xoş olmayan bu tendensiya ortadan qalxsın.

Bənzər yazılar

Back to top button