Cəmiyyət

Havanın temperaturu 44 dərəcəyə qalxanda nə edək? – Mütəxəssis rəyi

Milli Hidrometeorologiya Xidməti iyulun 20-dək ölkə ərazisində havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi barədə xəbərdarlıq edib.

Havanın temperaturunun kəskin şəkildə artması ilə “necə sərinlənəcəyik?” sualı hər kəsi narahat edir. Əlbəttə ki, ilk ağla gələn kondisioner olur. Amma qəbul etməliyik ki, kondisionerlər insanların sağlamlığında fəsadlar yarada bilir. Çünki havanın temperaturu qalxdıqca, kondisionerin dərəcəsini aşağı salırıq. Nəticədə orqanizm zəifləyir, yayın günü soyuqdəymə əlamətləri olanların sayı artır.

Bəs görəsən, belə fəsadlarla qarşılaşmamaq üçün nə etməliyik?

AzToday.az xəbər verirr ki, mövzu ilə bağlı oxu.az-a açıqlama verən terapevt Mətanət Cəfərovanın sözlərinə görə, insan kəskin temperatur fərqi yaşamamalıdır:

“Havalar isindikcə kondisionerlərdən istər ev, istər ofis, istərsə də maşında hər kəs istifadə edir. Temperatur həddi çox aşağı qoyulmamalıdır. Çünki hava bayırda çox isti, içəridə kəskin soyuq olur, insan isə kəskin temperatur fərqi yaşamamalıdır.

Xəstələnmə əslində soyuqdan baş vermir. Kəskin temperatur fərqi insanlarda müəyyən diskomfort yaranmasına səbəb olur. Bəzən görürsən, otaqdakı 16, bayırda 40 dərəcə isti olur. Fərq isə 5-7 dərəcəni aşmamalıdır. Maksimum 10 dərəcə fərq yolveriləndir. Otaq temperaturu 22-23 dərəcə ola bilər. Otaqlara görə dərəcə fərqlənir. Uşaqların və yaşlı insanların otaqlarında hərarət bir qədər yüksək olmalıdır”.

M.Cəfərova qeyd edib ki, kondisionerlərin filtrlərinin təmizlənməsi də əsas şərtdir:

“Kondisionerlərin filtrləri mütləq istifadədən öncə təmizlənməlidir. Çünki orada illərlə, aylarla qalan bakteriyalar, göbələklər, “legionella” deyilən mikroorqanizmlər var ki, onlar kondisionerdə yaşaya bilirlər. Sonuncular legionelyoz xəstəliyinin yaranmasına səbəb olur.

Filtri təmizlənməmiş kondisionerdən istifadə eyni zamanda havada olan bakteriyaların artmasına səbəb ola bilər. Tənəffüs sistemi, mədə-bağırsaq xəstəliklərinin yaranması, xroniki tənəffüs yolları və oynaq xəstəliklərinin kəskinləşməsi də mümkündür”.

Terapevt əlavə edib ki, isti havalarda mütləq şəkildə hərə öz çəkisinə uyğun maye qəbul etməlidir:

“Gün ərzində hər çəkiyə 30 ml su qəbul edilməlidir. Günəşli yerdə oturmaq məsləhət deyil. İnsanlar daha çox sərin yerlərdə oturmalıdırlar. Bununla yanaşı, yüngül materialdan olan açıq rəngli paltarlara üstünlük verməli, həmçinin bol-bol su vannaları qəbul etməlidirlər”.

Kondisioner ustası Azad Şirinov əlavə edib ki, kondisioner otağın ölçüsünə uyğun seçilməlidir:

“Dərəcə də otağa uyğun tənzimlənməlidir. Ümumiyyətlə, çöl ilə otaq temperaturu arasında az fərq olmalıdır. Xəstəliklərin yaranmasının qarşısını almaq üçün dərəcəni əvvəlcə 20-də qoymalıyıq. Otaq tam soyumalıdır. Daha sonra işlədiyi müddətdə 25 dərəcəyə qaldırmalıyıq. O zaman kondisioner fasilə ilə işləyəcək. Tez-tez fasilə getdiyi üçün otaq çox soyumayacaq. Fasiləsiz işlədikdə daim soyuq olur. Və bu zaman otaqla bayır arasında kəskin temperatur fərqi yaranır”.

Mütəxəssis kondisionerlərin ayda bir dəfə təmizlənməsini mütləq sayır:

“Ayda ən azı bir dəfə kondisionerin filtrləri təmizlənməlidir. Çünki onlar evdə olan bütün toz hissəciklərini yığıb, özündə saxlayır. Çox qalanda da müxtəlif bakteriyalar əmələ gəlir. Hətta kəskin iy yaranır. Bu da insan orqanizminə zərərli ola bilər”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button