İqtisadiyyat

Mərkəzi Bankın fəaliyyəti qanunsuzdur – Hüquqşünasdan sensasion açıqlama

Azərbaycan Mərkəzi Bankının fəaliyyəti qanunsuzdur. İdarə Heyətində yetərsay yoxdur, hüquqi nihilizm davam edir…

Pia.az-ın xəbərinə görə, bunu bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, Mərkəzi Bankın yeni sədri Taleh Kazımovun baş bankirliyinin 100 günü tamam olub, lakin Mərkəzi Bankın taleyində, o cümlədən qanunçuluğun təminatı sahəsində dəyişikliklər yoxdur:

“Hazırda Mərkəzi Bankın İdarə Heyətində cəmi 3 üzv var: sədr və iki müavin. Halbuki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən İdarə Heyətinin tərkibi 7 nəfərdən ibarət olmalıdır: sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv. Qanunun 23.5-ci maddəsinə görə İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır. Yəni yetərsay üçün İdarə Heyətində azı 4 üzv olmalıdır. Hazırda 3 üzv olduğu üçün İdarə Heyəti heç bir qərar qəbul edə bilməz.

Xatırladıram ki, İdarə Heyətinin səlahiyyətləri Qanunun 22-ci maddəsində təsbit edilib. Həmin səlahiyyətlərə o cümlədən bunlar aiddir: pul siyasətinin alətlərinə dair qərarların qəbulu, o cümlədən uçot dərəcəsinin müəyyən edilməsi, normativ xarakterli aktların təsdiqi və s.

Son aylar ərzində Mərkəzi Bank bu səlahiyyətləri həyata keçirib. Pul siyasəti (uçot dərəcəsi və s.) ilə yanaşı məsələn, 29 iyun 2022-ci il tarixdə İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” təsdiq edib. Görəsən, yetərsay olmadan bunu necə edib?

Açıq-aşkardır ki, bütün bu qərarlar etibarsızdır və onların hüquqi qüvvəsi yoxdur. Özünün fəaliyyəti qanuna uyğun olmayan Mərkəzi Bank banklarda, sığorta şirkətlərində və s. qanunçuluğu necə təmin edəcək?..

Yəqin, Mərkəzi Bankın cavab mövqeyi belə olacaq ki, Qanunun 23.5-ci maddəsində deyilir ki, İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır, İdarə Heyətində 3 üzv var, hamısı da iştirak edib. Bu yanaşma əlbəttə ki, absurddur. Çünki Qanun təbii ki, üzvlər dedikdə müəyyən etdiyi sayı (7 nəfəri) ehtiva edir. Əks halda, belə çıxır ki, hətta yalnız sədr varsa və iştirak edirsə, guya yetərsay var, çünki mövcud üzvlərin yarıdan çoxu iştirak edir. Bəs onda Qanunla İdarə Heyətinin say tərkibi (kollegiallıq) ümumiyyətlə niyə müəyyən edilir ki? Tam cəfəngiyatdır…”.

Bənzər yazılar

Back to top button