Siyasət

İcra başçısı təyin olunan DTX generalı barədə maraqlı məlumatlar – Qardaşının Rusiyada… (FOTO)

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AzToday.az xəbər verir ki, yeniavaz.com-un əldə etdiyi məlumata görə, Araz Əhmədov 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində anadan olub.

Araz Əhmədov uşaq yaşlarında hər iki valideynini itirib və internat məktəbində təhsil alıb. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutundan (indiki Bakı Slavyan Universiteti) məzun olub.

1991-ci ildən Milli Təhlükəsizlik orqanlarında işləməyə başlayıb. 1-ci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda döyüşlərdə iştirak edib.

1998-ci ildə mərhum prezident Heydər Əliyevin imzaladığı Sərəncama əsasən Azərbaycan dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və istintaq tədbirlərinin həyata keçirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə mayor Əhmədov Araz Süleyman oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Daha sonra polkovnik rütbəsi alan Araz Əhmədov Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərmana əsasən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Araz Əhmədov 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Araz Əhmədovgil ailədə 6 bacı, 4 qardaş olublar. Araz Əhmədovun qardaşlarından biri uzun illərdir Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. İqtisad elmləri nazmizədi olan Gündüz Əhmədov eyni zamanda Rusiyada sahibkarlıq fəaliyyətilə məşğul olur.

Gündüz Əhmədov bu günə kimi Rusiyada 6 şirkət təsis edib. Onlardan 4-ü fəaliyyətini dayandırsa da, hazırda 2-si – “Forum-A” və “Farmberk” fəaliyyətini davam etdirir. “Forum-A” daşınmaz əmlak, “Farmberk” isə topdansatış sahəsində fəliyyət göstərir. Ötən il “Forum-A” şirkətinin 69,3 milyon rubl gəlir etdiyi bildirilir. “Farmberk” şirkəti isə ötən ili zərərlə başa vurub. Şirkətin 601 min rubl zərəri olub.

Gündüz Əhmədovun təsisçisi olduğu şirkətlərin siyahısını təqdim edirik:

Gündüz Əhmədov eyni zamanda Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsisçilərindən biri olub.

Qeyd edək ki, hazırda Azərbaycan Milli-Mədəni Muxtariyyətinə “Konrad” Şirkətlər Qrupunun prezidenti Vaqif Məmişov rəhbərlik edir. Bu ilin mart ayında Prezident İlham Əliyev Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif edib.

Əldə etdiyimiz məlumata görə, Araz Əhmədovun digər qardaşları Səfa və Ayaz Əhmədovlar da iş adamıdır. Ayaz Əhmədov 2000-ci ildə dövlət qeydiyyatına alınan “Malaxit” fərdi firmasına (VÖEN- 1300036851) rəhbərlik edir.

Onu da qeyd edək ki, yeni icra başçısına yaxın ətrafında “Hacı Araz” deyə müraciət olunur. Araz Əhmədov ailəlidir, 1 oğlu, 2 qızı var.

Fotoda: Şair Rüstəm Behrudi, Səfa Əhmədov və millət vəkili Sabir Rüstəmxanlı

Bənzər yazılar

Back to top button