İqtisadiyyat

Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir

Hindistanın Bakıdakı Səfirliyi “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində hibrid rejimdə Hindistan ştatlarının turizm imkanlarının təşviqi ilə bağlı tədbir təşkil edib.

Azərbaycanın turizm və qonaqpərvərlik sənayesindən 25-ə yaxın tanınmış şirkətlərin nümayəndələri tədbirdə iştirak ediblər, onların hindistanlı həmkarları isə görüşə virtual rejimdə qoşulublar.

Hindistan Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar çıxışında hind qonaqpərvərliyinin əsas etikası olan və qonaqlara Tanrı kimi davranan, eləcə də Hindistan turizmi və qonaqpərvərlik sektoru üçün bələdçi hesab olunan və dünyanın hər bir yerindən gələn turistlərə unudulmaz təcrübə yaşatmağa yönələn “Atithi Devo Bhava” konsepsiyasını vurğulayıb.

Quru əraziləri və su hövzələrini əhatə edən turistik yerlərin böyük müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirir. Səyahət və turizm sənayesi Hindistan üçün çox vacib bir sektordur. Turizm Hindistanın xidmət sektorunun ən böyük komponentlərindən biri olub hər il Hindistanın ÜDM-nin 7 faizə yaxınını təşkil edir. Sektorun pandemiyadan sonra sürətlə böyüməsi gözlənilir. Bu sahənin böyüməsini asanlaşdırmaq üçün Hindistan hökuməti turizm infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyat keçirib və Hindistana səyahətin asanlaşdırılması üçün 150-dən çox ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün elektron viza almaq imkanını təmin edib.

Son bir neçə ildə Hindistandan Azərbaycana turizm axını əhəmiyyətli dərəcədə artsa da, Azərbaycandan Hindistana gedən turistlətin sayı hələ də azdır. Bu, ola bilsin ki, Hindistan və Azərbaycan arasında əvvəllər birbaşa uçuş əlaqəsinin yoxluğu və Azərbaycandan gələn qonaqların Hindistanda seçə biləcəyi çox saylı cəlbedici yerlər haqqında məlumatının olmaması ilə bağlı ola bilər.

Azərbaycan Hava Yollarının 09 avqust 2022-ci il tarixindən etibarən həftədə iki dəfə Bakı və Dehli arasında birbaşa reyslərə başlaması nəticəsində Bakıdan Dehliyə uçuş vaxtı azalaraq 4 saatdan bir qədər çox təşkil edəcək. Bununla əlaqədar olaraq, azərbaycanlı turistlərin Hindistana gəlməsinə köməklik göstərmələri üçün tədbirdə Hindistan və Azərbaycan turizm şirkətlərinə ətraflı məlumat verilib.

Tədbiri yekunlaşdıran Səfirliyin mədəniyyət işləri üzrə İkinci katibi bütün iştirakçılara, o cümlədən məruzəçilərə, azərbaycanlı və hindistanlı dostlara və həmkarlara iştiraklarına və tədbirin böyük uğur qazanmasına görə təşəkkürünü bildirib.

Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan isti və dostluq münasibətləri mövcuddur. 2022-ci ilin ilk 6 ayında ikitərəfli ticarətin həcmi 895 milyon ABŞ dolları təşkil edərək bütün 2021-ci il üçün ikitərəfli ticarət göstəricilərini (739 milyon ABŞ dolları) üstələyib. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir. Daha çox insan bir-birilərinin ölkələrinə səyahət etdikcə, bir-birlərinin mədəniyyəti və iqtisadiyyatları haqqında daha yaxşı bilik və anlayış əldə edəcəklər.

Bənzər yazılar

Back to top button