Cəmiyyət

İnzibati Xətalar Məcəlləsinə jurnalistlərlə bağlı edilən düzəlişlərin arxasında nə dayanır?

Bu gün Azərbaycan parlamenti İnzibati Xətalar Məcəlləsinə mətbuatın və jurnalistlərin fəaliyyəti ilə bağlı bir sıra düzəlişlər layihəsini birinci oxunuşda qəbul edib.

Təklif olunan yeniliklərə əsasən, məhkəmə qərarı olmadan şəxsin təqsirli olduğu haqqında iddialara görə vəzifəli şəxslər üçün 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər üçün 2500 manatdan 3500 manata qədər cərimə müəyyən edilir.

Qanunvericilikdə nəzərdə tutulmayan hallarda invormasiya mənbəyinin açıqlanmasına görə fiziki şəxslər üçün 200-300 manat, vəzifəli şəxslər üçün 500-700 manat, hüquqi şəxslər üçün 2000-3000 manat ölçüsündə cərimə müəyyən edilir.

Bu yenilikləri Turan Agentliyinə şərh edən media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli deyib ki, söhbət adının açıqlanmasını istəməyən informasiya mənbəyinin açıqlanmasına görə jurnalistlərin cəzalandırılmasından gedir.

Amma bu məsələyə hüquqdan daha çox jurnalist etikasının pozulması müstəvisində baxmaq lazımdır və media subyektləri üçün cəza tədbirləri müəyyən etmək doğru deyil.

Eyni zamanda, düzəlişlər layihəsi jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxiləyə görə 300-600 manat ölçüsündə cərimə nəzərdə tutur.

Bundan başqa, jurnalistin sorğusuna qanunla müəyyən edilmiş müddətdə cavab verilməsə, buna görə 300-500 manat ölçüsündə cərimə tətbiq olunacaq.

Media hüquqları sahəsində digər ekspert Xalid Ağaliyevin fikrincə, bu məsələlər əvvəllər də inzibati qanunvericilikdə əksini tapırdı.

“İndi eyni şey İnzibati Xətalar Məcəlləsində fərqli, daha geniş redaksiyada əksini tapacaq”, deyə Ağaliyev bildirib.

O, hesab edir ki, bu iki düzəliş jurnalistlərin qayğısına qalındığı və onların müdafiə olunduğu haqqında fikir formalaşdırmaq məqsədinə xidmət edir.(Turan)

Bənzər yazılar

Back to top button