İqtisadiyyatManşet

Hökumət hədəflərinə çatmaq üçün çox ciddi islahatlar həyata keçirməlidir (MÜSAHİBƏ)

İyulun 22-də Prezident İlham Əliyev Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirməlidir.Bu strategiya sənədində hökumət 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf üçün qarşısına hansı hədəfləri qoyub? İqtisadçı Fərid Mehrəlizadə ASTNA-ya strategiyanın məqsədləri barədə danışıb.

***

– Fərid bəy, ölkə başçısı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu strategiyada əsasən hansı hədəflər qoyulub?

– Sənəd bir növ qarşıdakı 10 illikdə hökumətin vizyonunu və çatmaq istədiyi hədəfləri özündə əks etdirir. İnkişaf strategiyasında ənənəvi olaraq ölkə iqtisadiyyatının resurs gəlirlərindən asılılığının azaldılması, yəni dayanıqlı iqtisadi inkişafa nail olmaq, qeyri-neft məhsullarının ixracının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkəyə investisiyaların cəlb edilməsi, makro iqtisadi göstəricilərin yüksəldilməsi kimi iqtisadi hədəflər qeyd olunub. İqtisadiyyatla yanaşı, azad edilmiş ərazilərin bərpası və həmin ərazilərə qayıdış, ölkədə təhsil səviyyəsinin artırılması, informasiya texnologiyalarının inkişafı və daha geniş tətbiqi, ətraf mühitinin qorunması, aqrar sahədə məhsuldarlığın artırılması kimi istiqamət də, sənəddə daha ön planda görünür.

– Sizcə, strategiyada nəzərdə tutulanları reallıqda həyata keçirmək mümkün olacaqmı?

– Hökumət açıqladığı inkişaf strategiyasında 2026-cı, eləcə də, 2030-cu ilədək reallaşdırmağı planlaşdırdığı çox iddialı hədəflər müəyyənləşdirib. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatının daxili problemləri ilə yanaşı, qlobal iqtisadiyyatın hazırkı vəziyyəti də, qısa zaman ərzində hansısa ölkənin böyük sıçrayışla inkişafını çətinləşdirən amillər arasındadır. Nəzərə almaq lazımdır ki, xüsusilə pandemiyadan bəri qlobal iqtisadiyyatda ciddi çağırışlar mövcuddur. Son iki il ərzində ölkələrin tarixi inflyasiya rekordları qırılır. Elə Azərbaycanla eyni regionda yerləşən ölkələr də daxil olmaqla bir çox ölkənin milli valyutası çətin günlərini yaşayır və s. Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar, Qərbin Rusiyadan enerji asılılığı və bu kimi məsələlər situasiyanı daha da çətinləşdirir. Artıq uzun müddətdir ki, bəzi iqtisadi təşkilatlar, beyin mərkəzləri dünya iqtisadiyyatının qlobal iqtisadi böhran yaşaya biləcəyi ilə bağlı xəbərdarlıqlar edir. Bu baxımdan, yaxın illərdə dünya iqtisadiyyatının necə olacağı da, Azərbaycan hökumətinin müəyyən etdiyi hədəflərə çatıb-çata bilməyəcəyinə təsir edəcək. Çünki, Azərbaycan da qlobal iqtisadiyyatın bir parçasıdır və orada baş verən hadisələr təbii ki, Azərbaycan üçün də təsirsiz ötüşmür.

Qeyd etdiyim kimi bu dediklərimiz strategiyada nəzərdə tutulan hədəflərə çatılmasına təsir edən xarici amillərdir. Amma təbii ki, xarici amillərlə yanaşı, hökumətin birbaşa özündən asılı olan amillər də mövcuddur. Bu baxımdan, mən hesab edirəm ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan hədəfləri gerçəkləşdirmək üçün, hökumət çox ciddi islahatlar həyata keçirilməlidir. Lakin, burada hansısa kadrların əvəz edilməsindən və ya hansısa qurumların ləğv edilib və ya bir-birinə birləşdirilməsindən söhbət getmir. Dayanıqlı iqtisadi inkişaf üçün ilk növbədə idarəetməyə yanaşma dəyişilməlidir. Xüsusilə hökumətin fəaliyyətinin hesabatlılığının və şəffaflığının təmin edilməsi, qərarların qəbulunda iştirakçılığın artırılması, hüququn aliliyinin təmin edilməsi çox vacib amillərdir. Bu dəyişikliklərin edilməsi üçün isə, həm siyasi, həm də iqtisadi olaraq ciddi dəyişikliklərə getməyə ehtiyac var. Bu baxımdan, inkişaf strategiyasında qeyd edilən dayanıqlı inkişafa və digər hədəflərə reallıqda nail olunması məhz bu addımların atılıb-atılmayacağıından asılı olacaq.

– Bu hədəflərə çatmaq üçün hansı problemlər aradan qaldırılmalıdır?

– İqtisadi baxımdan düşünürəm ki, ən vacibi ölkənin biznes mühitinin inkişaf etdirilməsidir. Xüsusilə məmur sahibkarlığının qarşısının alınması, inzibati resurslardan iqtisadi maraq üçün istifadəyə imkan verilməməsi, ölkəyə xarici kapitalın girişinin asanlaşdırılması, vergi və gömrük siyasətinin səmərəli təşkil edilməsi çox mühümdür. Çünki bunlar olduğu təqdirdə, həm ölkəyə investisiyaların daxil olması asanlaşır, həm də ixrac üçün imkanlar genişlənir. Nəticədə ölkə iqtisadiyyatı daha çox gəlir əldə edir. Eyni zamanda, iqtisadi fəaliyyətin canlanması nəticəsində iş yerlərinin sayının artması, rəqabət şəraitində məhsul və xidmətlərin qiymətinin normal səviyyədə olması kimi amillər təbii ki, əhalinin də sosial rifahını yüksəltmiş olur. Bu baxımdan, ölkə iqtisadiyyatında hər kəs üçün fürsət bərabərliyinin yaradılması çox vacibdir. İqtisadi baxımdan daha bir vacib amil isə, əlavə dəyər yaradan, innovavasiyaların olduğu iqtisadiyyata sahib olmaqdır.

Ancaq müasir dövrdə iqtisadi inkişafa nail olmaq üçün artıq sadəcə iqtisadi siyasət yetərli deyil. Artıq uzun müddətdir ki, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi həm də digər institutların səmərəli fəaliyyətindən asılıdır. Bu baxımdan xüsusilə hüququn aliliyinin təmin edilməsi və məhkəmə müstəqilliyini qeyd edə bilərik. Çünki, mülkiyyət hüquqlarının qorunmadığı bir halda heç bir dayanıqlı iqtisadi inkişafdan danışmaq olmaz. Digər bir tərəfdən, qeyd etdiyimiz əlavə dəyər yaradan məhsul istehsalı üçün bizə azad biznes mühiti ilə yanaşı, həm də, ixtisaslı kadrlar lazımdır. Bu baxımdan, prosesin ən vacib halqalarından biri ölkənin təhsil keyfiyyətinin artırılması ilə bağlıdır.

Qeyd etdiyimiz kimi, sosial-iqtisadi inkişaf üçün artıq sadəcə iqtisadi qərarların qəbulu kifayət deyil. Bu baxımdan, bir vacib istiqamət də dövlət qurumlarının fəaliyyətinə nəzarət imkanlarının artırılmasıdır. Bunun təmin edilməsi üçün siyasi iştirakçılığın genişləndirilməsi, media və vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının artırılması çox vacibdir. Bu mühiti yaratdıqdan sonra dayanıqlı sosial-iqtisadi inkiaşf üçün uyğun mühit yarada bilərik.

– Bu vaxta qədər sosial-iqtisadi inkişafa dair hansı strategiyalar olub və onların icra vəziyyəti hansı yerdədir?

– Xüsusilə 2015-ci ildəki devalvasiyalardan sonra Azərbaycanda bir çox sahənin inkişafı ilə əlaqədar bu tip sənədlər ortaya çıxmağa başladı. Lakin, sosial-iqtisadi inkişafa dair ən yadda qalan sənədlərdən biri 2012-ci ildə qəbul edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası idi. Həm də, bu sənədi qiymətləndirmək daha rahatdır, çünki, hökumət orada da, son qəbul etdiyi strateji inkişaf sənədindəki kimi, konkret ölçülə bilən hədəflər müəyyən etmişdi. Bəzi hallarda Azərbaycanda qəbul edilən inkişaf sənədlərində bu cür konkret hədəflər müəyyən edilmir. Məhz bu amil həmin sənədin icrasına məsuliyyət daşıyan qurumların fəaliyyətin nəticələri ilə bağlı manipulyasiyalar etməsinə şərait yaradır.

Ancaq, onu da qeyd edək ki, qeyd etdiyimiz “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının nəticələrini bir o qədər də uğurlu hesab etmək olmaz. Məsələn, orada konsepsiyanın icra dövrü ərzində ölkədə adambaşına düşən ÜDM-in 13 min dollar olacağı qeyd edilirdi. Halbuki, reallıqda bu rəqəm hədəfin yarısına belə çata bilmədi. Qeyri-neft ixracı bağlı ilə də, eyni nəticələr var. Hökumət strategiyanın icrası nəticəsində ölkədə adambaşına 1000 dollar qeyri-neft icracı olacağını hədəfləmişdi. Lakin, ötən il belə bu göstərici 300 dollardan az olub. Doğrudur, real nəticələrin hədəflərdən bu qədər uzaq qalmasına həm də 2015-ci ildəki devalivasiyalar səbəb oldu, çünki, inkişaf konsepsiyası devalvasiyadan öncə hazırlanmışdı, amma istənilən halda, devalvasiyaların baş verməsi də ölkə iqtisadiyyatının uzun illər ərzində neft asılılığından azad edilə bilməməsinin nəticəsi idi ki, buna görə də, birbaşa olaraq hökumət məsuliyyət daşıyır. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında qeyd edilən daha bir hədəf minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılacağı ilə bağlı idi. Hazırda ölkədə orta aylıq əmək haqqı 825 manata, minimum əmək haqqı isə 300 manata bərabərdir. Yəni, 60 faizlik vədə baxmayaraq, bu nisbət cəmi 36 faizdir.

Sual: “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə də prezident sərəncam imzalayıb. Sizcə, Milli prioritetlərdə nələr var və hansı məsələlər dəyişilməlidir?

Cavab: Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inkluziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar, işğaldan azad olunmuş ərazilərə qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” 2030-cu ilədək müəyyən edilmiş əsas milli prioritetlərdir. Hökumət bu prioritetlərə çatmaqla yüksək rifah cəmiyyətinə çatmaq istəyir. Bu, kifayət qədər ambisiyalı bir hədəfdir. Bu baxımdan mən düşünürəm ki, daha vacib olan prioritetlər arasında hansı istiqamətlərin olmasından çox, bu hədəflərə nail olmaq üçün hansı addımların atılacağıdır. Buna görə də, yuxarıda dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq üçün lazım olan dəyişikliklərin həyata keçirilməsi çox vacibdir. Çünki, artıq getdikcə dünyada alternativ enerjidən istifadə çoxalır və qarşıdakı illərdə sadəcə resurs gəlirləri hesabına iqtisadiyyat quran ölkələrin ayaqda qalması daha da çətin olacaq. 2022-ci ilin ilk altı ayında da, ölkənin ixracının 92 faizi neft və qaz məhsullarından ibarətdir. Buna görə də, 2030 və sonrakı illərdə də Azərbaycan vətəndaşlarının rifah səviyyəsinin normal olması, ölkənin iqtiadiyyatının ayaqda qalması üçün ölkə iqtisadiyyatı mütləq şəkildə müasir trendlərə – innovativliyə hazır olmalıdır. Bunun üçün isə, ölkədə əlverişli biznes mühiti, işlək institutlarla yanaşı həm də insan kapitalının inkişafına şərait yaradacaq addımların atılması çox vacibdir.

Bənzər yazılar

Back to top button