Hadisə

Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən QANUNSUZLUQ: – Sahibkarlardan külli miqdarda vəsait tələb olunur

“Qəribədir ki, ödəniş edən sahibkarlara heç bir qəbz də verilmir”.

Bu sözləri Sədərək Ticarət Mərkəzinin rəhbərliyinin təmir adıyla sahibkarları incitməsinə münasibət bildirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Sədərək Ticarət Mərkəzinin rəhbərliyi heç bir sahibkarla razılaşmadan və onların rəyini almadan işlətdikləri obyektləri sökərək ərazisini genişlədirir:

“Rəhbərlikdən sahibkarlara bildirilib ki, ticarət mərkəzindəki cərgələrdə olan mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu addım mağazaların içərisindəki malların kənardan görünməsi və müştəriləri daha tez cəlb etmək üçün həyata keçirilir.

İyunun 1-dən təmir işlərinə görə mağazaların fəaliyyəti dayandırılıb. Mağazaların ərazisinin artırılması və şüşə vitrinlərə görə hər sahibkardan ödəniş tələb olunur. Belə ki, sahibkarlar 2 ay müddətinə ikiqat ödəniş etməlidirlər. Məsələn, 12 kvadratmetrlik mağazanın ərazisini 24 kvadratmetr ediblər və 7400 manat vəsait tələb edirlər. Ödəniş etməyən sahibkarların fəaliyyətinə isə əngəl törədilir. Hətta obyekti arendaya götürməyən, məhz özünə məxus olan sahibkarların da rəyi öyrənilmir və özbaşınalıq edərək mağazası bağlanır. Qəribədir ki, ödəniş edən sahibkarlara heç bir qəbz də verilmir. Bu, məntiqə sığan davranış deyil. Artıq bir aydan çoxdur ki, sahibkarlar incidilir. Mağazanın bağlı olmasına baxmayaraq, sahibkarlardan icarə pulu tələb olunur”.

Qeyd edək ki, iyun ayında Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılmışdı. Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov isə yayılan görüntülərin həqiqəti əks etdirmədiyini və yalan olduğunu bildirmişdi.

Bənzər yazılar

Back to top button