GündəmManşetSiyasət

Cinayətin şahidinin it(iril)məsi

Şahidləri hər kəs sevmir, amma onları ən çox sevməyən təbii ki, cinayətkarlardır, çünki şahid məlumat daşıyıcısıdır. Xüsusilə də bu məlumat(lar) onun əməllərinə dair olanda. İstər bədii əsərlərdə, istərsə də real həyatda şahidlərin neçə it(iril)məsinin ən incə (bəzən isə kobud) yollarını oxumuşuq, görmüşük.

Hətta bu haqda “o, çox şey bilirdi” kimi məşhur ifadə də var. Şahidin it(iril)məsi ilə real həyatda dəfələrlə üzləşmişəm və onlardan birini sizlərlə bölüşmək istərdim. Tərtər qətliamından əvvəl ölkənin Hərbi Dəniz Qüvvələrinin dağıdılmasını araşdırırdım. Əslində cinayətləri araşdırmaq mənim işim deyil, amma buna məcbur edənlər olub.

Edənlər deyəndə ki, o, cəmi bir nəfər olub – keçiş MTN çətəsinin başçısı Eldar Mahmudov. 2005-ci ildə MTN-nin mənimlə bağlı iş apardığını biləndə mən də öz növbəmdə Mahmudov bandasınının cinayətlərini araşdırmağa başladım. Bu haqda çox yazmışam, odur ki, təkrarçılığa ehtiyac duymuram.

Sadəcə onu qeyd etmək istərdim ki, məcbur edildiyim işlə məşğul olduqca onun yollarını, incəliklərini, hadisələr arasındakı əlaqə zəncirlərini mənimsəməyə başladım. General Rail Rzayevin qətlini və ADNA terrorunu araşdırarkən anladım ki, artıq əvvəlki həvəskar deyiləm, bu işlər üçün çox vacib olan intuisiya və analiz bacarığı az da olsa yaranıb.

Bunu da qeyd edim ki, araşdırma işi üçün hərhansı etibarlı mənbələrə, spesifik informasiyalara malik olmaq vacib olsa da, amma hökmən deyil. Məlumatların azı 70-80% elə açıq mənbələrdən götürülür. Elə onları toplayıb əlaqələndirəndə və təhlil edəndə də cinayətin ümumi mənzərəsi yaranır.

HDQ-nin dağıdılmasını müxtəlif aspektlərdən araşdıranda da belə oldu. Axtarış zamanı dəfələrlə hüquq müdafiəçisi kimi təqdim olunan Bəxtiyar Məmmədovun adına rast gəldim. Məlum oldu ki, Bəxtiyar Məmmədov qəribə bir adı olan “İnamla Hüquq” MMC-nin direktorudur və adam HDQ komandanı, admiral Şahin Sultanova savaş açıb.

Bəxtiyar Məmmədovun bütün hüquq müdafiəçiliyi fəaliyyəti də elə admirala qarşı ağır ittihamlardan ibarət idi. Adamın kimliyinə Şahin Sultanovun vəkili olmuş Adəm Məmmədov “Yeni Müsavat” qəzetinə onun ittihamlarına cavab olaraq yolladığı yazısında xeyli aydınlıq gətirir. Məlum olur ki,…

1962-ci il təvəllüdlü və ölkə mediası tərəfindən döyüşkən hüquq müdafiəçisi kimi təqdim olunan Bəxtiyar Heydər oğlu Məmmədov ilk dəfə 2002-ci ildə polis orqanlarında işləyərkən rüşvət almaq ittihamı ilə həbs edilərək mühakimə olunub. Detallara varmadan bildirim ki, o, 2002-2014 illərdə 4 dəfə mühakimə olunub.

Hər dəfə də dələduzluq, hədə-qorxu ilə pul alma və s. bu tipli əməllərə görə. Sonuncu dəfə 2014-cü ilin fevralında onun 2013-cü ilin fevralında aldığı həbs cəzası 7 il 10 aya endirilib. Bilirəm, tarixlər və rəqəmlər olduqca yorucudur və heç özüm də onları sevmirəm, amma təəssüf ki, konkret halda onlarsız mümkün olmayacaq.

Çünki Bəxtiyar Məmmədov cəmi 3 ay sonra (28 may 2014-cü il) əfv fərmanı ilə azadlığa çıxır və yenidən HDQ komandanı Şahin Sultanovu hədəfə alır. Bundan sonra isə daha maraqlı hadisələr baş verir. Azad edildikdən cəmi 17 gün sonra “hüquq müdafiəçisi” Şahin Sultanovun işi ilə bağlı ifadə vermək üçün Hərbi Prokurorluğa dəvət olunur…

Bu da cinayətkar Xanlar Vəliyevin də təşkilatçılarından olduğu Tərtər qətliamını ictimailəşdirən İlham Aslanoğlunun (2 dəfə) və Abid Qafarovun şərlənərək həbs olunduğu, hüquq müdafiəçisi Oqtay Gülalıyevin isə ümumiyyətlə sağalmaz vəziyyətə salındığı ölkədə baş verir. Sonralar Tərtər qətliamını törədəcək çətə tərəfindən HDQ dağıdılır və bununla da “hüquq müdafiəçisi” səhnədən itir…
Növbəti dəfə 2015-ci ildə SOCAR-a qarşı hansısa iddialar irəli sürən Bəxtiyar Məmmədov bir də və sonuncu dəfə 29 mart 2016-cı il tarixdə DİN-nin saytında “peyda olur”. Kasad və quru bir məlumatda belə də yazılır: “martın 28-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Bəxtiyar Məmmədov işlədiyi ofisdə elektrik çaydanından cərəyan vurması nəticəsində ölüb.”

Bu dəfə media öz “qəhrəmanını” nəinki hüquq müdafiəçisi adlandırmır, heç onun kim olduğunu da yazmır. Quru və soyuq “Bakı sakini” ifadəsilə kifayətlənir. Bəlkə heç bilmir də. Amma saytların birində verilən daha dolğun məlumatda deyilir ki, hadisə Bayıldakı hüquq məsləhətxanasında axşam saatlarında baş verib:

“Dünən axşam saatlarında Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 74 ünvanında yerləşən məsləhətxanada 1962-ci il təvəllüdlü Məmmədov Bəxtiyar Heydər oğlunu elektrik cərəyanı vurub. 54 yaşlı kişi hadisə yerindəcə keçinib.” Bu da bildirilir ki, Bəxtiyar Məmmədov işlədiyi ofisdə elektrik çaydanından cərəyan vurması nəticəsində ölüb.

Xanlar Vəliyevin dəstəyilə (Tərtər cəlladı yazdıqlarıma etiraz edərsə onun Bəxtiyat Məmmədovla əlaqələri haqda daha ciddi faktlar təqdim edə bilərəm) vitse-admirala qalib gələn “hüquq müdafiəçisi” adi bir çaydana məğlub oldu. Bunları niyə yazdım!?
Dünən dostlardan bir neçəsi Tərtər qətliamının media dəstəkçisi Tofiq Şahmuradovun 1 aylıq həbsilə bağlı fikir bildirməyimi istədilər. Yeganə bildirmək istədiyim fikir budur ki, dövlət orqanları onun təhlükəsizliyini təmin etməlidir. Tofiq Şahmuradov Bəxtiyar Məmmədovdan dəfələrlə önəmli şahiddir.

Odur ki, qarşıdan gələn bir ay ərzində onu qətiyyən elektrik çaydanına yaxın buraxmaq olmaz…

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button