İqtisadiyyat

Nazirlik qida zəhərlənməsində adı çəkilən şirkətə 19 milyonluq tender verib

Şirkət nümayəndəsi: “Məktəbdəki hadisə ilə bağlı sualları cavablandırmırıq”

Ötən gün kütləvi zəhərlənmə hadisəsi baş verən 20 nömrəli məktəbin qida təminatını “Tais İKF” MMC təmin edib.

Şirkət 1994-cü ildə yaradılıb. Qanuni nümayəndəsi Rafail Şirinov Məmməd oğludur.

Dövlət Satınalmalarının rəsmi portalından aydın olur ki, son 1 ildə Elm və Təhsil Nazirliyi dövlət təminatında olan təhsilalanların yeməklə təchizatı üçün bu şirkətə ümumilikdə 19 milyon manatdan çox dəyəri olan tender verib.

Şirkət təkcə Elm və Təhsil Nazirliyindən yox, digər dövlət qurumlarından da iri həcmli tenderlər alıb. “Bakı Metropoliteni” QSC bu şirkətlə ümumi dəyəri 1 milyon manat civarında olan tender müqaviləsi imzalayıb.

Şirkət Yevlax, Mingəçevir, Ağdaş rayon xəstəxanalarının da yemək təminatı işini görüb.

Abzas Media məsələ ilə bağlı şirkətlə əlaqə saxlasa da, onlar açıqlama vermək istəməyib: “Məktəbdəki hadisə ilə bağlı sualları cavablandırmırıq”.

Bu şirkətin hansı göstəricilərə görə seçilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə göndərdiyimiz sorğu cavabsız qalıb.

Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov Abzas Media-ya bildirib ki, hadisə isə bağlı araşdırmalar davam edir:

“Məktəbdə yoxlamalar aparılıb, qidalardan nümunələr götürülüb. Hazırda onlarda hansı zərərvericilərin olub-olmaması ilə bağlı ağaşdırmalar aparılır, hələlik dəqiq nəticələr yoxdur. Araşdırma yekunlaşsın, açıqlama veriləcək”.

Aprelin 6-da 20 nömrəli məktəbdə kütləvi zəhərlənmə halı baş verib. İlkin ehtimallara görə, zəhərlənmə quş əti tərkibli qidadan olub. Xəstəxanaya çatdırılan şagirdlər axşam saatlarında evə buraxılıblar. Məsələ ilə bağlı Baş Prokurorluq araşdırma apardığını açıqlayıb.

Bənzər yazılar

Back to top button