Hadisə

Şikayətçinin 1000 manat pulu Yasamal rayon Polis İdarəsində “ilişib”: “Azərsu” əməkdaşının 4 min manatlıq “əməliyyatı”…

Bakının Çiçək qəsəbəsinin sakinlərinin bir qrupunun məhəllələrinə içməli su çəkmək üçün verdikləri 4 min manat pulun 1000 manatını geri ala bilmirlər.

Qəsəbə sakini Şirindil Şahverdiyev bildirir ki, 4 min manatı sabiq polis əməkdaşı Rizvan Məmmədova verib. O da həmin pulu “Azərsu” ASC-nin əməkdaşı və keçmiş iş yoldaşı Hüseynəli Miriyevə verib: “Nə bizim suyumuzu çəkdilər, nə də pulumuzu tam qaytardılar”.

Üzləşdiyi dələduzluq faktına görə, polisə şikayət edən Şirindil Şahverdiyev indi başqa bir problemlə üzləşib. Belə ki, 29-cu Polis Bölməsində baxılan iş Yasamal Polis İdarəsinə göndərilir. Cinayət işini müstəntiq Asəf Məmmədov aparır. Polisə şikayətdən sonra vətəndaşın verdiyi 4 min manatın 3 min manatı ona geri qaytarılır, min manat isə hələ də geri qaytarılmayıb. Şirindil Şahverdiyev iddia edir ki, pulu alan Rizvan Məmmədov müstəntiqə 5 min manat verdiyini və ona görə min manatı müstəntiqin qaytarmalı olduğunu deyir: “Asəf Məmmədov isə pul almadığını bildirir. Dəfələrlə onunla əlaqə saxlayıb, Rizvan Məmmədov və Hüseynəli Miriyevin yenidən idarəyə cağırıb pulumu onlardan alınmasını istəmişəm. Asəf Məmmədov isə onların idarəyə gəlmədiyini deyir. Belə əlacsız vəziyyətdə qalmışam…”.

Müstəntiq Asəf Məmmədov AzToday.az-a açıqlamasında vətəndaşa 3 min manatın qaytarıldığını təsdiq etməklə yanaşı cinayət işinin bağlandığını bildirib: “4 min manatdan 3 min manatı qaytarıblar, min manatı qaytarmadılar, neynim…”. Cinayət işinin hansı əsasla bağlanması sualını cavablandırmayan Asəf Məmmədov yalnız rəsmi sorğu ilə müraciət etdikdə cavab verəcəyini deyib…

Şirindil Şahverdiyevdən pul alan Rizvan Məmmədov isə AzToday.az-a açıqlamasında bütün ittihamları təkzib edib

“Azərsu” əməkdaşı Hüseynəli Miriyev isə Şirindil Şahverdiyevin 3-4 nəfərlə birlikdə onun yanına gəldiyini və məhəllələrinə su çəkmək istədiklərini təsdiq edib. Onun sözlərinə görə, hazırda işlə bağlı cinayət işi açılıb: “Mən pul-mul görməmişəm. Mən o insan deyiləm. Onlar yanıma gələndə dedim ki, su çəkmək üçün ancaq birincinin qəbulunda olmaq lazımdır…”.

Göründüyü kimi, vətəndaş üzləşdiyi özbaşınalıqla bağlı müvafiq dövlət qurumuna etdiyi şikayət əsasında cinayət işi açılsa da, bizə məlum olmayan səbəblərdən cinayət işi bağlanılıb. Ümid edirik ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi baş vermiş dələduzluq faktının yenidən araşdırılmasına göstəriş verəcək və vətəndaşın min manat pulunun qaytarılmasını təmin edəcək…

Bənzər yazılar

Back to top button