Hadisə

“Heydər Əliyev” parkının dağıdılması ilə bağlı xəbər əsassızdır” – Açıqlama

Ötən gün “Yeni Sabah” Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan sakinlərin müraciəti əsasında material yayımlayıb. Yazıda “Kristal Abşeron” MTK tərəfindən “Heydər Parkı”nın dağıdılması haqda iddialar yer alıb. Məsələ ilə bağlı şirkət açıqlama ilə çıxış edib. Həmin açıqlamanı təqdim edirik:

“Əvvəla yenisabah.az saytında ““Heydər Parkı”nı dağıdan şirkət YAP-çı deputata məxsusdur – Video” başlıqlı xəbər paylaşılan zaman tərəfimizin mövqeyinin soruşulmaması və xəbərin bir sıra əsassız iddialar əsasında paylaşılmasını təəssüf hissi ilə qarşıladığımızı diqqətinizə çatdırmaq istəyirik.

İlk olaraq bildirmək istəyirik ki, Nəsimi ray., Rəşid Məmmədov 25 ünvanında tərəfimizdən aparılan tikinti ərazisində “Heydər Əliyev” adına parkın dağıdılması ilə bağlı yayılmış xəbərlər tamamilə əsassızdır.

Bununla bağlı tikinti gedən ərazinin baş planı (tikinti ərazisi və parkın ərazisi göstərilməklə) müraciətə əlavə olunur. Məqaləyə əlavə olunan videoda göstərilən hasarlama işləri isə Şəkil №1-də göstərilmiş sərhəd əsasında aparılmışdır.

Deyilənləri nəzərə alaraq tərəfimizin mövqeyinin eyni məqalədə dərc olunmağını, xəbər başlığının ““Heydər Əliyev” parkının dağıdılması ilə bağlı xəbərlər əsassızdır” olaraq dəyişdirilməsini və qoşma kimi əlavə olunmuş “Şəkil №1”-in xəbərin başlıq şəkili təyin olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Əlavə olaraq qeyd etmək istəyirik ki, Cəmiyyət olaraq layihələrimizdə yaşıllıqların qorunmasına, yeni yaşıllıq ərazilərin salınmasına, ağacların əkilməsinə, onlara mütəmadi baxımın həyata keçirilməsinə xüsusi qayğıyla yanaşırıq.

Bununla yanaşı Cəmiyyət mütəmadi olaraq ağacəkmə aksiyaları da təşkil edir və ağacəkmə aksiyalarında təmsil olunur. 24 dekabr 2021-ci il tarixində Şamaxı şəhərində keçirilən ağacəkmə aksiyasına Cəmiyyətimiz də qoşumuşdur və tərəfimizdən 2000-dən çox ağac əkilmişdir.

Yaşıllıqların qorunmasına göstərdiyiniz qayğıya görə Sizlərə təşəkkür edirik!”.

Bənzər yazılar

Back to top button