Cəmiyyət

“AZƏRBAYCAN ELMİ “QOCALMIŞDIR”… ” – AMEA-nın professorunun yazısı

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor

Nəhayət, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə AMEA-nın vəziyyəti barədə aparılan geniş müzakirələrə nöqtə qoyuldu. Amma bu qurumun bundan sonrakı fəaliyyətinin təkmilləşdirilməsi işlərinə isə start verildi. Əlbəttə, cəmiyyət, ilk növbədə alimlərin özləri son bir neçə ayda qeyri-müəyyənlik vəziyyətində qalmış AMEA-da islahatların başlanmasını rəsmiləşdirən bu Fərmanı səbirsizliklə gözləyirdilər. İnanırıq ki, bundan sonra aparılacaq islahatlar elmin inkişafı üçün bütün zəruri imkanların yaranmasına xidmət edəcəkdir.

Cənab Prezidentin Fərmanı ilə ictimai-humanitar elm sahələrinə aid institutlar akademiyanın tərkibində saxlanıldı və bundan sonra AMEA demək olar ki, məhz bu institutlardan ibarət olacaqdır.

Şübhəsiz, Azərbaycanın tarixini, arxeoloji abidələrini, ədəbiyyatını, dilçiliyini, etnoqrafiyasını, fəlsəfəsini və milli mədəniyyətinə aid digər sahələrini kimlərsə xarici ölkələrdən gəlib tədqiq etməyəcəklər. Bu sahələrin tədqiq etməlisi məhz Azərbaycan alimlərinin qarşısında duran ən başlıca vəzifədir. Əlbəttə, bu tədqiqatlara yeri gəldikcə əcnəbi alimlərin də cəlb edilməsi vacibdir.

Elmin inkişaf etməsi üçün beynəlxalq əlaqələrin genişləndirilməsi olduqca vacib məsələdir: heç bir elm sahəsi təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Azərbaycanın istər texniki-təbiət, istərsə də humanitar-ictimai elm sahələrinin inkişaf potensialı alimlərin fəaliyyəti ilə də özünü göstərir.

Son 10-15 ildə Azərbaycanın elmi qurumlarının (həm AMEA, həm də universitetlərin) beynəlxalq əlaqələri çox genişlənmişdir. Bu sahədəki uğurlar alimlərimizin beynəlxalq elmi layihələrdə, konfranslarda iştirakı, nüfuzlu elmi jurnallarda nəşrləri və s. işlərində özünü göstərir. Bütün bunlar Azərbaycan alimlərinin (təəssüf ki, bunu bütün alimlər haqqında demək mümkün deyil) beynəlxalq səviyyədə qəbul edildiyinin göstəricisidir.

Amma AMEA-da hələ sovet dövründən qalma idarəçilik prinsipləri, zamanla ayaqlaşmayan struktur sistemi alimlərin daha səmərəli fəaliyyəti üçün bir maneədir. Məhz bu baxımdan cənab Prezidentin müvafiq Fərmanı ilə həyata keçiriləcək islahatlar bu maneənin aradan qaldırılması, idarəçiliyin təkmilləşdirilməsi üçün böyük perspektivlər vəd edir.

Qarşıdakı üç ayda nəzərdə tutulan islahatlar çərçivəsində uzun illər elmi tədqiqatların aparılmasına əngəllər yaradan maliyyələşmə qaydaları, prinsipləri yenidən işlənməlidir. Elmi layihələrə, ekspedisiyalara ayrılan vəsaitlərin alınması və sərf edilməsi işləri hazırda çox böyük çətinliklərlə üzləşir.

Cəmi bir misal: arxeoloji qazıntılar zamanı əldə edilmiş bir sıra nümunələrin inkişaf etmiş ölkələrin elmi laboratoriyalarında analiz edilməsi üçün maliyyə vəsaitinin ayrılması mexanizmləri mövcud deyil. Lakin bu analizlər aparılmadan hər hansı qədim dövr abidəsi barədə daha dəqiq fikir söyləmək mümkün deyil. Bu sahədə problemlərin sayı kifayət qədərdir və ümid edirik ki, qarşıdakı islahatlar onların aradan qaldırılmasına kömək edəcəkdir.

Ən vacib, təxirəsalınmaz tədbirlərdən biri gənclərin elmə cəlb edilməsidir. Uzun illər ərzində bu sahə, yumşaq desək ürəkaçan olmamışdır. Bu, bir tərəfdən maliyyə işləri ilə bağlı olsa da digər tərəfdən bürokratik əngəllər də öz mənfi təsirini göstərmişdir. Buna görə də Azərbaycan elmi necə deyərlər, “qocalmışdır”. Yəni elmdə cavanların, gənclərin kəmiyyət göstəricisi çox aşağıdır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, son illər xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan Azərbaycan gənclərinin sayı çoxalmışdır və onların sıralarından da istedadların elmə cəlb edilməsi zəruridir.

Bir sözlə, qarşıda görüləcək işlər çoxdur və onların hamısı barədə bir yazıda bəhs etmək mümkün deyil. Yalnız bir məsələni də qeyd etməyi lazım bilirəm. Cənab Prezidentin Fərmanı ilə elmi tədqiqatların təşkili işlərinin yenilənməsi, təkmilləşdirilməsi prosesinə start verildi. Eyni zamanda bu Fərmanla son vaxtlar özlərini jurnalist adlandıran bəzi adamların fürsətdən istifadə edərək AMEA-nı, alimləri tənqid adı ilə təhqir etmələrinə də son qoyuldu. Belə ədalətsiz, qərəzli hücumları edənlər özlərini sanki vəziyyətdən hali hesab edib aşağı səviyyəli yersiz bəyanatlarla çıxış edirdilər. Hər hansı bir sahəni tənqid etmək üçün bu sahənin iş prinsipini, qaydalarını vəziyyətini öyrənmək lazımdır.

Heç bir ad çəkmədən bəzi nümunələri qeyd etmək istəyirəm. Yazılardan birində xarici ölkələrdə Nobel mükafatçıları olduğu halda Azərbaycanda onların olmaması elmin əsas qüsurlarından biri kimi göstərilir. Bu, nisbətən mədəni “irad” olsa da müəllifin günahı yalnız alimlərdə görməsi ədalətsiz yanaşmadır. Çünki bu sahədə Azərbaycanı Almaniya, Fransa, Yaponiya, ABŞ və s. bu kimi ölkələrlə müqayisə etmək məntiqsizdir. Çünki bu ölkələrdə alimlərə, elmə yaradılan şərait tam fərqlidir. Sual olunur: son 30 ildə Azərbaycan kimi digər postsovet ölkələrində neçə alim Nobel mükafatına layiq görülüb?

Digər qrup müəlliflər AMEA-nın tam lazımsız bir qurum kimi bağlanması, ləğv edilməsi təbliğatını aparırdılar. Onlar yaşlı alimlərin ünvanına kobud ifadələrdən də çəkinmirdilər. Belələri alimləri boş-boşuna vaxt keçirməkdə, iş yerində nərd, domino oynamaqda günahlandırır, istehza ilə bu oyunların turnirini təşkil etdiklərini yazırdılar. Görəsən belə müəlliflərdə bu yazdıqlarına dair əyani sübutlar varmı?

Bir başqası isə daha da uzağa gedərək tanımadığı hansısa bir alimin guya vaxtilə bazarlarda tuman-köynək satdığını yazır. Görəsən özünü jurnalist adlandırılan bu adamda yazdıqlarını sübut edəcək faktlar varmı? Amma maraqlısı odur ki, bu adamın həyat yoldaşı AMEA institutlarından birində kadrlar şöbəsinin müdiri və elə həmin institutda həm də aparıcı elmi işçidir. Eyni zamanda, çap işləri plagiatlarla, kompilyasiyalarla aşıb-daşan bu xanım (lazım gələrsə bu plagiatlar mətbuata çıxarıla bilər) həm də ali məktəblərdən birində dərs deyir. Bəs o zaman bu xanımın özünü jurnalist adlandıran həyat yoldaşı niyə AMEA-nı tənqid edib alimə böhtan atır? Xanımının fəlsəfə doktoru alimlik dərəcəsi olduğu halda kadrlar şöbəsinin müdiri vəzifəsinə (texniki işə) təyin edilməsi səbəbini öyrənməsi bu “jurnalist” üçün daha vacib olmazdımı?

Sevindirici haldır ki, belə neqativ hallar yaradan təsadüfi insanların sayı Azərbaycan mediasında azlıq təşkil edir və onlar öz peşəkarlıqları ilə fəxr ediləcək əsil jurnalistlərin əməyinə kölgə salmaq imkanında deyillər. Cənab Prezidentin imzaladığı Fərman həm də AMEA ilə bağlı neqativ mövqedə olanlara tutarlı mesajdır. Çünki bu Fərmanla AMEA, onların gözlədikləri kimi, nəinki bağlanmadı, əksinə, bu qurumun inkişafı üçün daha geniş imkanlar yaradılmış oldu.

AMEA-nın alimləri, xüsusilə də humanitar-ictimai elmlər sahəsində çalışan tədqiqatçılar jurnalistlərlə daima sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəriblər. Aparılan tədqiqatların ictimailəşməsi, təbliğ edilməsi olduqca zəruridir və bu işin icrası üçün Azərbaycan jurnalistləri böyük səylər göstəriblər. İnanırıq ki, qarşıdakı böyük işlərdə alimlər və jurnalistlər çiyin-çiyinə çalışacaqlar.

Nəcəf Müseyibli,

Bənzər yazılar

Back to top button