Dünya

Sanksiyaların nəticələri və Ukraynaya hərbi yardım haqqında Pentaqonun şərhi

ABŞ və müttəfiqlərinin Moskvaya qarşı ixrac sanksiyaları təsirini göstərməyə başlayır, bu barədə cümə günü jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru bildirib.

Rusiyanın ən böyük dövlət şirkətləri bazar kapitallaşmasının 70-90%-ni itirib. 1000-ə yaxın transmilli şirkət Rusiyada fəaliyyətini dayandırıb. Rusiyada inflyasiya 20%-ə qədər artır. Rusiyanın fond bazarı dəyərinin üçdə birini itirib.

“Bu, yalnız sanksiyaların təsirinin başlanğıcıdır”, deyə məmur qeyd edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Pentaqonun qiymətləndirmələrinə görə, Rusiya döyüş meydanında “uğursuzluğa düçar olur” və öz ölkəsində daxili uğursuzluqlar yaşayır.

Ukraynanın şərqində və cənubunda döyüş əməliyyatları davam etdirilir, burada ruslar yavaş-yavaş irəliləyir, bəzi yerlərdə, məsələn, Hersonda tamamilə dayanıblar. Eyni zamanda, ukraynalılar Rusiyanın idarəetmə və nəzarət qovşaqlarını daha effektiv şəkildə aşkar və məhv edir, deyə məmur bildirib.

“Rusiya Ukrayna əhalisini təhdid etsə də, ukraynalılar cəsarətlə irəliləyirlər. Onlar bizim təqdim etdiyimiz 8,2 milyard dollarlıq avadanlıqdan çox səmərəli istifadə edirlər”, deyə məmur bildirib.

Kiyevin hərbi dəstəyinə gəlincə, Pentaqon zəruri maddi ehtiyatların, o cümlədən döyüş sursatlarının tədarükünü təmin etmək üçün Ukraynanın Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparır və təhlükəsizlik sahəsində bu tələbatı qarşılayacaq daha bir yardım paketi hazırlayır, deyə məmur qeyd edib.

Bənzər yazılar

Back to top button