Siyasət

Stefan Şennak: “Azərbaycan Avropa Şurası qarşısında öhdəliklərinə əməl etməlidir”

Azərbaycan hakimiyyəti könüllü olaraq Avropa Şurasına daxil olarkən ifadə azadlığına hörmət etmək öhdəliyini öz üzərinə götürüb və bu gün ölkədə məhdudiyyətlər dərin narahatlıq doğurur. Bu barədə AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak “Amerikanın səsi” müsahibəsində iyulun 15-də keçirilən aksiyadan sonra Azərbaycanda fəalların həbsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, son aylar Azərbaycanda azadlıqlarla bağlı vəziyyət ciddi şəkildə pisləşib. O, AXCP üzvlərinin iyulun 15-dən xeyli əvvəl kütləvi şəkildə saxlanıldığını qeyd edib.

“Bilmirəm nə üçün. Onlar heç parlamentdəki müxalifət deyillər. Bu cür müxalifətin öz mövqeyini ifadə etmək haqqı var. Bu, demokratiyada normal bir haldır”, – Şennak deyib.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının həbsinə toxunan Şennak onunla görüşdüyünü bildirib.

“Mən o həbsdə ikən də, həbsdən çıxandan sonra da onunla şəxsən görüşmüşəm. O, anarxist və ya destruktiv bir insan deyil. İyulun 31 – də biz (AŞPA-nın üç məruzəçisi) Azərbaycanda son həbsləri pislədik və indi Qəhrəmanlının dərhal azadlığa buraxılmasına çağırırıq”, – Şennak bildirib.

Həmməruzəçi işgəncə haqqında məlumatının olub-olmaması sualına belə cavab verib:

“Biz Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin başçısına yazmışıq. Amma cavab olaraq monitorinq komitəsinin sədrinə ünvanlanan çox soyuq məktub almışıq. Məktubda iki məruzəçinin, belə desək, qəbuledilməz olduğu deyilir. Amma biz sadəcə işimizi görürük və bizim işimiz bir ölkədəki cəmiyyətin bütün tərəflərini dinləməkdir – hakimiyyətdə olanları da, olmayanları da, vətəndaş cəmiyyətini də, insan haqları müdafiəçilərini də. Və məncə, hökümət bilməlidir ki, bu, bizim vəzifəmizdir. Mən artıq beş ildir Azərbaycan üzrə məruzəçiyəm. Mən ölkədəki bir çox maraqlı tərəflərlə əlaqədə olmuşam. Buna müxalif partiyaları da və prezident özü də daxildir”, – Şennak deyib.

Azərbaycana qarşı sanksiyaların mümkünlüyünü şərh etmək xahişinə cavab verən Şennak bildirib ki, o, bu yanaşmanı bölüşmür.

“Ola bilsin ki, bu, Avropa İttifaqında qəbul oluna bilər. Avropa Şurasında isə biz dəyərlərimiz, qanunun aliliyi, demokratiya, insan hüquqları və azadlıq uğrunda mübarizə aparırıq. Düşünmürəm ki, ölkənin Avropa Şurasından xaric edilməsinin bir mənası var. Çünki Azərbaycan hökumətinə Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin köməyi lazımdır ki, respublika və demokratiyanın nə olduğunu anlasınlar. Bu, insan hüquqlarına hörmət, sərbəst toplaşma azadlığı və mətbuat azadlığı deməkdir”, – Şennak qeyd edib.

Bənzər yazılar

Back to top button