Dünya

ABŞ-Çin qarşıdurması yeni başlayır

Nensi Pelosinin Tayvana planlaşdırılan səfərinə görə yaşanan gərginlik ABŞ-Çin xəttində “müharibə qapıda” fikrini ortaya çıxardı, hərçənd, hərbi toqquşma hər iki tərəf üçün indi o qədər də məqbul seçim deyildi, səfərin ləğvi də bunu təsdiqləyir:

– Pekin Tayvanın Çinə birləşdirilməsi siyasətini izləyir, lakin mümkün eskalasiyanın indi baş verməsi hələ başa çatdırmadığı “iqtisadi rifah” modelinin zədələnməsi və qlobal layihələrinin arxa plana keçməsi təhlükəsinin yaranması deməkdir;
– Vaşinqton Tayvanın mövcud statusunun qorunub saxlanılmasında maraqlıdır və anlayır ki, mümkün eskalasiya Çinin Tayvanı tam nəzarətə götürməsinə gətirib çıxara bilər;

Gərginliyin bu həddə inkişafında hər iki tərəfdən qaynaqlanan səbəblər var.

Çin lideri Si Cinpin üçüncü dəfə sədrliyə hazırlaşdığı vaxt Tayvan məsələsində heç bir “güzəştə” getmək niyyətində deyil. ABŞ son dövrlər Tayvan ətrafında hərbi və siyasi varlığını artıran Pekinə “mesaj” verir.

Məsələyə Pelosinin adaya səfər edib-etməməsi prinsipindən daha çox, geosiyasi proseslər fonunda baxmaq olar. Və Vaşinqtonun bu qarşıdurmada taktiki-strateji hədəflərinin olduğu aydın görünür.

Taktiki hədəf:

– Çini Tayvan siyasətinə korrekt etməyə sövq etmək: xüsusilə Ukrayna müharibəsindən sonra Tayvanın “müstəqil” mövqeyinə qarşı daha sərt siyasət izləyən Pekin praktiki addımlarını da bu yöndə atır və ABŞ prosesin gərginləşdirilməsi ilə Çinin müəyyən qədər yumşalmasına nail olmaq istəyir;
– ABŞ-Çin danışıqlarının yeni gündəmini formalaşdırmaq: həm Tayvan, həm də Ukrayna məsələsində Çinin tutduğu mövqeyini dəyişdirmək istəyən Vaşinqton gərginliklə mümkün danışıqlarda “əlini gücləndirir”;
– Tayvan gərginliyi güclənən və ABŞ-ın əsas güc olduğu təkqütblü dünya sisteminə risklər yaradan Çinə “dünyada söz sahibini” göstərmək üçün də Vaşinqtona lazımdır: Pekinə “yumşaq qarnı” göstərilir;

Strateji hədəf:

Ukrayna müharibəsi ilə NATO cəbhəsini yenidən bir çətir altında toplayan, nəhayət, ötən ay Madrid zirvəsində Çini açıq rəqib elan edən Vaşinqtonun Tayvan gedişinin strateji tərəfi birdən çoxdur:

– Avropanı Çinə qarşı tam birləşdirmək: Pekin Tayvan məsələsində təcavüzkar tərəfə çevrilir və sivil dünya ilə inteqrasiyası mümkünsüz hala gəlir;
– Çinin diqqətini daxili probleminə yönəltmək və genişlənmə siyasətinin qarşısını almaq;
– Çinlə mübarizəni daxilinə və sərhədlərinə köçürmək;

Bu kontekstdə Pelosinin səfəri üzərindən yaranan gərginlik Vaşinqtonun “tək güc” mövqeyinə risk yaradan Çinə qarşı praktiki həmlə hesab oluna bilər və məqsəd “reaksiyanın yoxlanılması” idi. Açıq qarşıdurma indi başlayır və kəskinləşəcəyi gözləntisi daha böyükdür.

Asif Nərimanlı, siyasi şərhçi

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button