Hadisə

Keçmiş icra başçısının dövləti “səhv” çıxarmaq cəhdi – Arif Qasımova yüksək vəzifə vəd olunub?..

Vəzifə səlahiyyətlərini aşdığına, vəzifədən sui-istifadə etdiyinə, korrupsiyaya bulaşdığına, dövlət əmlakını taladığına və bu kimi digər oxşar hallara görə tutduğu postdan uzaqlaşdırılan bir çox icra başçıları görmüşük və onların bəziləri hazırda həbs həyatı yaşamaqdadırlar. Bu dövlətin malik olduğu səlahiyyətlərdən şəxsi maraqları üçün istifadə edib özünə topdağıtmaz səltənət quran, biznes imperiyası yaradan, sahibkarları, iş adamlarını rüşvət ödəmək məcburiyyəti qarşısında qoyan məmurlara – icra başçılarına öz tərs üzünü göstərməsidir və dövlət bu prinsipial yanaşmasını davam etdirməlidir.

Özündən əvvəlki və ya qonşu rayondakı icra başçısının törətdiyi qanunsuz əməllərə görə həbsə atılması faktından dərs çıxarmayan, davranşlarına çəki-düzən vermək istəməyən məmurlar isə hələ də çoxdur. Bəzliləri isə biabırçı tərzdə vəzifədən uzaqlaşdırılıblar. Məsələn, Bakı şəhəri Nizami rayonunun sabiq icra başçısı Arif Qasımov kimi. Bu şəxs tutduğu vəzifədən doğrudan da rüsvayçı bir tərzdə qovuldu. Xatırlayırsınızsa, Arif Qasımov Nizami rayonunda hektarlarla torpaq ərazisini qanunsuz şəkildə satmasına, onlarla restoranlara və digər ticarət obyektlərinə sahib olmasına baxmayaraq, bir qədər də irəli gedib Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın Nizami rayonu ərazisində məhz sakinlərin istirahətini təmin etmək məqsədilə ərsəyə gətirdiyi parkda özü üçün yeni bir restoran tikdirmişdi. Hansı ki, o yerdə körpələr oynamalı idi. Parkda Leyla xanım Əliyevann təşəbbüsü ilə idman meydançası, uşaqlar üçün müxtəlif oyun qurğuları, yaşlı nəslin təmsilçiləri üçün isə müvafiq guşələr qurulmuşdu.

Arif Qasımov kimi dövlət əmlakını talayan, “torpaq alverçisi” kimi ad çıxaran bir məmurlara isə uşaqların istirahət parkları lazım deyil. Onun kimilər restoran, kababxana, pivəxana və daha nə xanalardan başqa heç nə düşünmürlər. Bax elə buna görə Arif Qasımov da parkın düz ortasında özünə restoran tikdirib biznes zəncirinə daha bir halqa əlavə etmək istəyirdi. Gözünə döndüyümüz Azərbaycan Dövlət Televiziyası (AzTV) isə ərazidə çəkiliş aparıb Arif Qasımovu cümlə aləmə rüsvay etdi. Bunun ardınca prezident İlham Əliyevin sərəncamı ilə Arif Qasımov tutduğu vəzifədən uzaqlaşdırıldı.

Təsadüfi deyildi ki, bu xəbəri demək olar bütün media orqanları öz oxucularına, “Arif Qasımov vəzifədən qovuldu” şəklində təqdim etdilər.

Arif Qasımov mətbuat üçün tanış isim idi. Adına jurnalistlər tez-tez rast gəlirdilər. Korrupsiya əməlləri, qanunsuz torpaq satışı, bunun üçün ağacların kəsilməsi, sahibkarlardan müxtəlif bəhanələrlə rüşvət yığılması və sair bu kimi qanunsuz fəaliyyət nümunələri Arif Qasımovun fəaliyyətinin əsas tərəflərindən biri idi. Odur ki, onun vəzifədən qovulması kimi təqdimatlar tutduğu əməllərə tamamilə adekvat idi. Hər halda rüşvətxor məmur obrazından söhbət düşəndə Arif Qasımovun adı birincilər sırasında yada düşürdü.

Arif Qasımov həm də o adamdır ki, vəzifədən qovulandan sonra da Nizami rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin, ticarət obyektlərinin yaxasından əl çəkmədi. Təsəvvür edin, adam rüsvayçı formada işdən qovulduğu halda, tikinti şirkətlərinin rəhbərlərinə deyirdi ki, bəs mənim adamlarım müxtəlif vəzifələrdə çalışırlar, əgər əvvəlki qaydada “öhdəliyinizi” yerinə yetirməsəz, qohumlarımın, dostlarmın vasitəsilə sizə daha ağır bədəl ödətdirəcəm. Hətta yenidən vəzifəyə gələcəyini və onun işsiz halında sözünü eşitməyənlərdən qisas alacağını iddia edirdi. Hətta deyirdi ki, onun adamları Nizami rayon İcra Hakimiyyətində hələ də müxtəlif vəzifələr tuturlar. Özünün getməsinə baxmayaraq, komandası (oxu mafiyası) onun əmrlərinə tabedir. Bir sözü ilə istənilən obyekti sökdürər, istənilən yeni binanın tikintisini dayandırar.

İndi Arif Qasımov yeni bir şaiyə ilə “qiymətini” saxlamağa şalışır. Bu dəfə yaxın ətrafı vasitəsilə iş adamları arasında belə söhbətlər yaydırır ki, guya onun vəzifədən qovulması səhv olub və guya indi dövlət Arif Qasımova yeni və daha yüksək vəzifə verilməsində maraqlıdır. Başqa sözlə, belə təsəvvür yaratmağa çalışır ki, sanki dövlət Arif Qasımova görə peşman olub və indi buraxılmış “səhvin” aradan qaldırılması istiqamətində iş aparılır. Adam bu qədər vəzifədə olub, amma hələ də dərk eləmir ki, dövlət heç vaxt səhv addım atmır! Dövlət yalnış qərar qəbul eləmir! Dövlət hansısa sıradan bir məmurun, özü də qanunsuz əməllərinə görə işdən qovulmuş adamın gələcək taleyinə görə narahat olmur! Dövlətin heç vaxt Arif Qasımov adında problemi ola bilməz!

Arif Qasımovun bu dəfə dövləti “səhv” çıxarmaq niyyəti sözsüz ki, yenə də onun qanunsuz yığımlara hərisliyindən irəli gəlir. Yenə də iş adamlarına, ona vaxtı ilə “haqq” ödəmiş şirkət sahiblərinə təzyiq etməyə çalışır. Amma fərqinə də varmır ki, dövlətin “səhv addım” atdığını iddia etməyin özü belə dövlətə qarşı çıxmaqdır. Sədaqəti, səmimiliyi, dövlətə və hakimiyyətə bağlılığı olsaydı, oturub-durub deməliydi ki, dövlət düz edib, dövlətin qərarları mübahisələndirilə bilməz! Amma o, bunun əksinə olaraq dövləti qınamaq həvəsinə düşüb. Yəni bu adam işdən çıxarılmasının guya səhv olduğunu iddia edəcək qədər yolunu-izini itirib. Əslində isə işdən qovulandan sonra həbsə atılmamasını dövlətin böyük lütfü kimi qiymətləndirib, gününü şükr etməklə keçirməliydi…

Arif Qaslmov kimi biabırçı tərzdə işdən qovulmuş, vəzifədə olarkən ancaq qanunsuz əməllərilə ad çıxarmış, hər hansı intellektə, dərin zəkaya, təşkilatçılıq məharətinə, yeni texnologiyalarla işləmək bacarığına malik olmayan, bir qədər də qaba, köntöy bir adam gələcəyi quran yeni komandanın tərkibində niyə yer alsın ki? Arif Qasımova daha yüksək vəzifə verilməsi hansı zərurətdən irəli gələ bilər axı?

Normal məntiq deyir ki, Qasımovun yenidən vəzifəyə gətirilməsi heç bir halda mümkün deyil. Gələcəyi quran, inkişafı hədəfləyən, fəaliyyətini yeni çağırışlar əsasında formalaşdıranların sırasında Arif Qasımov kimi torpaq dəllallarının nə işi ola bilər?

Əlbəttı ki, heç bir işi. Standartlar çoxdan dəyişib! Bunu Qasımovun özü də yaxşı bilir. Sadəcəcənab Qasımov illərdir qurduğu rüşvət şəbəkəsini “ayaqda” saxlamağa çalışır…

pia.az

Bənzər yazılar

Back to top button