Siyasət

Azərbaycanlı ekspertlər Qarabağda eskalasiyaya görə Rusiyanı günahlandırırlar

Avqustun 3-də başa çatan “Qisas” antiterror hərbi əməliyyatı nəticəsində Azərbaycan ordusunun separatçıların qanunsuz silahlı qüvvələrini darmadağın edərək Laçın dəhlizi üzərindəki yüksəklikləri tutması ekspertlər tərəfindən müzakirə olunur. Azərbaycanda eskalasiyanın günahı Rusiyanın üzərinə qoyulub.

Siyasi şərhçi Natiq Cəfərli sosial şəbəkədə yazır ki, eskalasiyanın səbəbi erməni separatçıların avtomobil trafikini Xankəndidən köhnə Laçın yolundan Yerevana, Azərbaycanın Laçını azad etmək üçün çəkdiyi yeni yola keçirmək istəməməsidir. “Amma Ermənistan (əslində Moskva) deyir ki, 2025-ci ilə hələ üç il var, tələsmək nəyə lazımdır?”,- Cəfərli şərh edir.

Siyasi analitik Rəşid Hacılı “Qisas” əməliyyatını xəbərdarlıq kimi qiymətləndirir. “Əgər ermənilər silahlı qüvvələrin Qarabağdan çıxarılmasını gecikdirsələr, müxtəlif bəhanələrlə terrorçuları Qarabağda yerləşdirsələr, Laçında qalmaq üçün səbəb axtarsalar, bu, sonrakı proseslərə ciddi təsir göstərəcək. Erməni terrorçular ərazimizi asanlıqla tərk etməyəcəklər. Azərbaycan əsgərlərinə atəş açanlar məhv edilməlidir”, – Hacılı hesab edir.

Politoloq Elxan Şahinoğlu Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən məcburi şəkildə tam çıxarılması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatındakı cümləni xüsusilə qeyd edib və bu sözləri gələcək hərbi əməliyyatlara işarə hesab edir. “Əsas odur ki, Rusiya müdaxilə etməsin. Azərbaycan ordusunun dəqiq zərbələrindən sonra Rusiya yenidən Moskvada münaqişə tərəflərinin görüşünü təşkil etməyə çalışacaq. Bakıya təzyiqi artıraraq Kreml Qarabağda Rusiyanın nəzarət zonasında yeni toqquşmaların qarşısını almağa çalışacaq.

İkinci Qarabağ Müharibəsində olduğu kimi, bu təzyiqi Türkiyə diplomatiyasının fəallığı ilə neytrallaşdırmaq lazımdır. Bir neçə gündən sonra Rusiya və Türkiyə prezidentləri Soçidə görüşəcəklər. Kremlə başa salmaq lazımdır ki, Rusiya Federasiyası Qarabağda asayişin bərpasına mane olarsa, bu, Rusiya Federasiyasının Azərbaycan və Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərəcək. Ukraynada müharibə fonunda bu, Kreml üçün sərfəli deyil və bu məntiqi daim xatırlatmaq lazımdır”, – politoloq hesab edir.

“Azərbaycan yavaş-yavaş, lakin əminliklə Qarabağda, o cümlədən Laçın dəhlizində nəzarətin tam bərpasına doğru irəliləyir. İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın Rusiya, Avropa İttifaqı və ABŞ-a müraciət etmək cəhdləri tam boşa çıxdı.

Ukrayna ətrafında “kollektiv Qərb”lə Rusiya arasında mövcud qarşıdurma şəraitində Cənubi Qafqazın əhəmiyyəti artır və buna görə də bu gün Ermənistanın bütün keçmiş müttəfiqləri Azərbaycan və Türkiyəyə loyallıqda maraqlıdırlar”, – ABŞ-da yaşayan politoloq Ramiz Yunus Facebook-da yazıb.

Xankəndidən erməni müəllifin “Kavkazskiy uzel”dəki bloqunda maraqlı məlumat yer alıb. O yazır: “Müharibədən sonra qarabağlıların bir hissəsi əbədi Ermənistanda məskunlaşdı, onları nə qədər şirnikləndirsələr də, geri qayıtmayacaqlar. Onlar azərbaycanlıların silahlarının lülələri altında yaşamaq istəmirlər, müdafiəsiz olduqlarını artıq gördülər. Bizi, Arsaxın qalan sakinlərini də hər vəchlə Vətənimizdə sıxışdırıcaqlar.

Bunun necə baş verəcəyini Kosovonun timsalında görmək olar. İki ildən sonra bizim bütün erməni sənədlərimiz etibarsız olacaq: pasport, sürücülük vəsiqəsi və qalan hər şey. Hamımı seçim qarşısında qoyacaqlar: ya Azərbaycanınkı ilə dəyişirsən, ya da heç nəyə haqqın yoxdur…

Bu, bizim üçün ən pis ssenaridir, bəli, regionda hələ də Rusiya faktoru var və Kreml sülhməramlı qüvvələr gətirməklə açıq şəkildə işarə etdi ki, Stepanakerti elə asan verməyəcək. Putinin bizsiz də kifayət qədər qayğıları var, amma başa düşür ki, Qarabağı itirməklə bütün Qafqazsız qala bilər.

Bizim hakimiyyət bildirib ki, hazırda hər şey qaydasındadır və hər şey nəzarət altındadır. Qüvvələri ayıq başla qiymətləndirsək, bizdə heç nə qaydasında deyil, bütün yüksəkliklər ən müasir silahlarla silahlanmış Azərbaycan hərbi qüvvələri tərəfindən tutulub, bizdə isə ancaq atıcı silahlar var… Əgər Rusiya daha Azərbaycanın qarşısını ala bilməsə, o zaman nə olacaq?

Yolu azərbaycanlılar çəkiblər, bəlkə altında partlayıcılar gizlədilib, bu da onlara lazım olan vaxtda işləyərək bizim geri çəkilmək üçün yolumuzu kəsəcək.

Bütün bunları niyə deyirəm? Adamlarımız bilsinlər ki, onları yaxşı heç nə gözləmir və əgər erməni xalqı bundan sonra da yatmağa və kiminsə bizi müdafiə edəcəyini gözləməyə davam edərsə, o zaman tezliklə Arsaxda bir nəfər erməni qalmayacaq. Bu, reallıqdır”, – Xankəndidən bloger ermənilərə xəbərdarlıq edib.(Turan)

Bənzər yazılar

Back to top button