AnalitikaDünyaManşet

Tühəf bir durum

Rusiya hərbi-sənaye maşını Soçi görüşü ərəfəsində öz ənənəsini pozmayaraq tədavülə daxil oldu. Düzünü desəm, 5 avqustdakı görüş ərəfəsində Suriyadakı Türk hərbi qüvvələrinə qarşı yeni təxribatlar gözləyirdim. Çünki 17 sentyabr 2018-dəki ilk görüşdən 29 sentyabrdakı son görüşə qədər Rusiya hərbi-sənaye maşını Suriya torpaqlarında müəyyən hərbi üstünlük əldə edərək masa arxasına keçmiş, öz şərtlərini o üstünlükləri qazandıqdan sonra diqtə etmişdi.

Bu dəfəki həmlə Aralıq dənizi sahilində Rusiyanın inşa etdiyi Akkuyu nüvə stansiyasından Türk inşaat firmasının tamamilə çıxarılmasıyla gəldi. Yəni, atom stansiyasının tikintisi Rusiyanın öz şirkəti (və ya özünün müəyyənləşdirəcəyi əcnəbi şir) tərəfindən başa çatdırılacaq. Mersin-Akkuyu atomenerjisi stansiyasının tikintisi hökumətdə və parlamentdə müzakirə edilmədən o dövrün baş naziri(2012) cənab Erdoğan tərəfindən Rusiyaya verilmişdi: Türkiyə baş naziri Rusiya dövlət başçısıyla şəxsi münasibətlərinə sonsuz dərəcədə güvənərkən atom enerjisi stansiyası inşasının Rosatom firmasına verilməsi Vladimir Putini çox-çox məmnun etmişdi. Rusiya dövlət başçısı hakimiyyətinin ikinci dövründən başlayaraq Türkiyənin enerji bazarında söz sahibi olmağa can atırdı.

2004-cü ilin dekabrında Rusiya dövlət başçısının Ankaraya səfərini yaxından izləyərkən Türkiyə Palatalar və Birjalar Birliyindəki çıxışında diqqətimi bu sözləri cəlb etmişdi: “Türkiyənin həm enerji həm də hərbi sənaye bazarında olmaq istəyirik. Buna görə vertolyotlarımızdan birinə “Erdoğan” adı verdik, Türkiyənin alması üçün hər güzəşti etməyə hazırıq. Tatneft şirkətimiz Türkiyənin Tüpraş firmasının 51%-ni tender yoluyla aldı ancaq məhkəmə tenderin nəticəsini ləğv etdi. Biz cənab Erdoğanın üzləşdiyi çətinlikləri anlayır, ona görə ruhdan düşmürük, səbrlə tenderlərdə iştiraka davam edəcəyik”

Sonrakı illərdə Türkiyə və Rusiya liderlərinin daim yüksələn xətlə inkişaf edən şəxsi münasibətləri hədəflərin böyüməsinə səbəb olsa da bəzi hədəflərə yaxınlaşmaq heç cür mümkün olmamışdı-məsələn, iki ölkə arasındakı ticarət dövriyyəsinin 100 milyard dollara çıxarılacağı tez-tez təkrarlansa da 37 milyard dollar son rəqəm olmuşdu. Türkiyənin cari kəsirinin təxminən 60%-ni Rusiyadan idxal edilən neft və qaz təşkil etməkdədir. Öz təbii qazını Avropa bazarına çıxarmaq üçün 4 boru xəttini Türkiyə ərazisindən keçirməyə dair Rusiyanın tələbinə Ankaranın 2 dəfə müsbət cavab verməsinə və layihənin ilk 2 mərhələsinin reallaşmasına baxmayaraq, növbəti 2 layihə üçün Moskva təmkinini qoruyur (onlardan Rusiya üçün həyati dərəcədə mühüm olanı şimaldan cənuba Türkiyə ərazisindən keçərək Suriyanın Türkməndağıı bölgəsindən Aralıq dənizinə çatdırılmasına çalışılan qaz kəməri layihəsidir ki, Türkiyə bunun gündəmə gəlməsinə hərarətli baxmamaqdadır).

Mersin-Akkuyu atom enerjisi stansiyası tikintisinin son mərhələsiylə bağlı Rusiyanın atdığı addımın pərdəə arxasında nə var? İddia edildiyi kimi, Türkiyənin böyük ehtiyac hiss etdiyi `isti pul`un (təxminən 20 milyard dolların) bir hissəsinin Rusiya tərəfindən verilməsimi? Yoxsa bu, Türkiyənin Suriyadakı mövqeyinin zəiflədilməsi üçün edilmiş kəskin bir taktiki həmlədirmi? Suriyada növbəti dəfə əməliyyat keçirmək üçün Rusiyanın Türkiyəyə icazə vermə ehtimalı onsuz da zəif ikən Mersin-Akkuyu atom enerjisi stansiyasının inşaatında iplərin tamamilə Rusiyanın əlinə keçməsi əməliyyat üçün icazə ehtimalını tamamilə gündəmdən çıxara bilərmi?

Hələ “Ərəb baharı” başlamadan Suriyanın Tarsus limanını genişləndirən Rusiya 30 sentyabr 2015-ci ildə Suriyaya hərbi kontingent göndərəndən sonra Lazkiyə limanına da yiyələnmişdi. Aralıq dənizinin Türkiyə sahilindəki atom enerjisi stansiyasında tam söz haqqında sahib olmağın Türkiyə-Rusiya münasibətlərində son dərəcə ciddi bir səbəbi və yeri olmalıdır.

Dünyada az qala hər gün yaşanan geosiyasi sınmalar ortamında Türkiyə ilə Rusiya nə etmək istəyir?

Mayis Əlizadə

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button