GündəmManşetSiyasət

Prezident Qarabağda baş verənlərdən danışdı

Prezident İlham Əliyev avqustun 3-də Qarabağda baş verən erməni təxribatı barədə danışıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Bənzər yazılar

Back to top button