Hadisə

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbsinin uzadılması ilə bağlı şikayəti təmin etməyib.

Xatırladaq ki, aprelin 20-də Xətai Rayon Məhkəməsi Hacıyevin həbs müddətini daha iki ay uzadıb.

Vəkilin sözlərinə görə, Hacıyev Apellyasiya Məhkəməsində yenidən bildirib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

Hacıyev qeyd edib ki, daha öncə dövlət başçısına yazılı müraciət edərək ona qarşı qanunsuzluğa son qoyulmasını və onun azad edilməsinə yardımçı olmasını xahiş edib, lakin hələlik cavab almayıb.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb. Fevralın 23-də isə Xətai nəhkəməsi həbs müddətini daha 2 ay-aprelin 28-dək uzadıb.

Məhkəmələr məhkəmə istintaqı başlayana qədər həbs qətimkan tədbirinin dəyişdirilərək Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər.

Fevralın 28-də aclığın 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.(Turan)

Bənzər yazılar

Back to top button