GündəmHadisəManşet

Baş Prokurorluq Böyük Britaniyada Azərbaycan səfirliyinə hücum faktı üzrə cinayət işi qaldırıb

Azərbaycan Baş Prokurorluğu avqustun 4-də ölkənin Böyük Britaniyadakı səfirliyinə hücum faktı üzrə cinayət işinə başlayıb.

Baş Prokurorluğun məlumatında deyilir ki, avqustun 4-də yerli vaxtla saat 16:00-17:00-da Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yerləşən səfirliyinin inzibati binası (4 Kensington Court 8 5DL, London) hücuma məruz qalıb.

Araşdırma zamanı müəyyən edilib ki, şəxsiyyəti məlum olmayan radikal qruplaşma üzvləri beynəlxalq münasibətlərin kəskinləşməsi məqsədilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında”14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərini pozaraq vandalizm aktı həyata keçiriblər.

Qruplaşma üzvləri Azərbaycan bayrağını səfirliyin binasından çıxarıblar, balkonda digər bayraqlar və plakatlar qaldırıblar, diplomatik missiyanın divarlarında isə müxtəlif dini şüarlar yazıblar.

Faktla bağlı baş prokuror tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrilə cinayət işi başlanılıb.

“Baş Prokurorluq Böyük Britaniyanın müvafiq orqanları ilə birgə əməkdaşlıq çərçivəsində cinayət işinin istintaqının aparılması üçün hüquqi yardım göstərilməsi barədə sorğu göndərib.

Təqsirkarların aşkar edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün hərtərəfli, tam və obyektiv araşdırma yolu ilə beynəlxalq norma və prinsiplərə uyğun olaraq lazımi tədbirlər görülür”, – Baş Prokurorluğun məlumatında bildirilir.

Bənzər yazılar

Back to top button