Hadisə

Əli Həsənovun oğlunun Mayamidə nə işlə məşğul olduğu bilindi…

Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən olan “Zylberglait Group”da işə düzəlib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Şamxal Həsənli daşınmaz əmlak şirkətində maliyyə analitiki vəzifəsində çalışır.

Şirkətdən bildiriblər ki, Şamxal Həsənli daha əvvəl də onlarla əməkdaşlıq edib. Qeyd olunur ki, Şamxal Həsənlinin Bakıda da oxşar sahədə fəaliyyti olub və bu sahədə böyük təcrübəsi var.

Hazırda ailəsilə birgə Mayamidə olan Şamxal Həsənli ötən il Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır: “Portos” MMC-də baş mühasib işləmişəm, pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm”.

Məhkəmədə Əli Həsənovun oğlu Şamxal Həsənlinin məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməyib.

Bundan başqa ötən ilin may ayında “Azərkosmos” ASC Şamxal Həsənlinin rəhbərlik etdiyi “Kaspi Global” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiasında “Kaspi Global” MMC-nin “Azərkosmos” ASC-yə borcunun olduğu bildirilir. Məhkəmə iddiasından sonra Şamxal Həsənli “Kaspi Global” MMC-nin rəhbərliyindən çıxaraq yerini Kərimov Etiram Kərim oğluna təhvil verib.

Xatırladaq ki, Əli Həsənovun ailə üzvləri Azərbaycanda otel, turizm, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi sahələrdə biznes fəaliyyətilə məşğul olublar.

Bənzər yazılar

Back to top button