Hadisə

Kəmaləddin Heydərovun qorxusu, brokerin həbsi, Mədət Quliyevin narahatlığı… – Nə baş verir?

Xəbər verildiyi kimi, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılan Məlikovun dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunduğu bildirilir.

Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Əslində bu, gözlənilməz xəbər deyil: Ə.Məlikovun qanunsuz əməlləri barədə müxtəlif vaxtlarda media və cəmiyyətdə bir-birindən sensasiyalı iddialar, ittihamlar dolaşırdı. Üstəlik, “Broker” MMC rəhbəri hələ bir neçə il öncə həbsin bir addımlığından dönmüşdü. Belə ki, o…

…Mədət Quliyevin zamanında da DTX-də dindirilib

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Həmin vaxt da Ə.Məlikovun dövlət büdcəsinə külli miqdarda vergi və gömrük ödəmələrindən yayındığına dair əsaslı şübhələr müəyyən edilib. Bundan sonra, o, Dövlət Təhlükəsizlik Xidmətinə çağrılıb və sorğu-sual edilib. Bu sorğu-sual zamanı ortaya kifayət qədər ilginc nüanslar çıxıb. Belə məlum olub ki, bir andaca görünməmiş dərəcədə varlanan Məlikovun büdcədən yayındırdığı vergi və gömrük ödəmələri həm də kimlərinsə cibinə yönəldilib.

Məsələn, “Broker” MMC rəhbərinin reket jurnalistlərə hər ay pul payladığı da aydınlaşıb. Bunda isə Mətbuat Şurasının ovaxtkı rəhbər şəxslərindən birinin vasitəçilik etdiyi məlum olub.

Sonradan DTX-nin ovaxtkı rəisi M.Quliyev məsələ ilə bağlı Prezident Administrasiyasına məktub yazıb. Həmin məktubda “Broker” MMC rəhbərindən “zərf” alan reket jurnalistlərin siyahısı da verilib. Ancaq Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik, eyni zamanda da mətbuat sahəsini kurasiya edən Əli Həsənov nədənsə (!) bu məktuba diqqətlə yanaşmayıb və zamanla həmin məsələ “unudulub”.

Lakin ortada…

…daha bir ilginc məqam var

Söhbət Ə.Məlikovun bir neçə il öncə DTX-dəki dindirmə zamanı özünü təmizə çıxarmaq üçün himayədarı – fövqəladə hallar naziri Kəmaləddin Heydərov əleyhinə ifadə verməsindən gedir. Məsələ burasındadır ki, “Broker” MMC rəhbəri məhz Heydərovun sayəsində yüksəlib və gömrük sistemində bir nömrəli “kölgə fiqura” çevrilib. Məsələn, onun şirkəti müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq etməklə “ad çıxarıb”, bu isə sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub.

Ə.Məlikov iddia edib ki, bütün addımlarını Kəmaləddin Heydərovun istəyi və iradəsi daxilində atıb. Onun söylədikləri fövqəladə hallar nazirinin qulağına çatdıqda ikili arasında münasibətlər pozulub. Nazir o zamanadək “gizli kassası” rolu oynayan Məlikovla məsafə saxlamağa başlayıb.

Bu yerdə kiçik haşiyə: “Broker” MMC rəhbəri ilə arası dəydikdən sonra Heydərov özünə yeni “gizli kassa” müəyyənləşdirdi. Bu, Milli Məclisin IV və V çağırış deputatı olmuş Hacı Salayevdir. Məlikovdan boşalan yeri tutan Salayev hazırda da fövqəladə hallar nazirinin biznes və maliyyə məsələlərində “açar şəxs” rolunu oynayır.

“Broker” MMC rəhbəri ilə münasibətlərinin soyumasına baxmayaraq onun indi yenidən saxlanılmasının və həbsinin Heydərovda ciddi təlaş yaratdığına şübhə yoxdur. Çünki istintaq prosesinin dərinləşməsi ortaya keçmişə dair çoxsaylı qanunsuzluqların çıxarılmasını şərtləndirəcək. O da istisna olunmur ki, Məlikovun həbsindən…

…təkcə Heydərov narahat deyil

Belə ki, bir neçə il öncə DTX-yə aparılan “Broker” MMC rəhbərinin niyə sonradan sərbəst buraxıldığı da gündəmə gələ bilər. Söhbət ondan gedir ki, yuxarıda da vurğuladığımız kimi, M.Quliyevin rəis olduğu dönəmdə də Məlikovun qanunsuz əməllərinə dair kifayət qədər əsaslı şübhələr vardı. Əgər həmin vaxt cinayət işi başlansaydı, adıçəkilən şirkət rəhbəri elə onda həbs olunacaq, beləliklə də, azadlıqda qalaraq dövlət büdcəsinə vergi və gömrük ödəmələrindən yayınmağa davam edə bilməyəcəkdi.

Ancaq sorğu-sual edildikdən sonra Məlikov müəmmalı şəkildə sərbəst buraxıldı, indi isə bunun da səbəb yaxud səbəblərinin araşdırma mövzusuna çevriləcəyi yönündə ehtimallar var. Elə ona görə də mümkündür ki, M.Quliyev də “Broker” MMC rəhbərinin həbsindən narahatlıq keçirənlər arasındadır.

Bir sözlə, Ə.Məlikovun həbsi kifayət qədər ciddi hadisədir və belə görünür, onun barəsindəki cinayət işi xeyli şəxsə əməllicə başağrısı yarada bilər. (unikal.org)

Bənzər yazılar

Back to top button